04 iyul 2017 21:08
618

Naxçıvanda “İqtisadi diplomatiya” adlı dərs vəsaiti işıq üzü görüb

Naxçıvan Dövlət Universitetinin dünya iqtisadiyyatı kafedrasının müəllimi Xəlil Vəlizadənin müəllifi olduğu “İqtisadi diplomatiya” adlı dərs vəsaiti işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan kitab Azərbaycan Respublikasının bu günü üçün aktual və əhəmiyyətli olan iqtisadi diplomatiyanın mahiyyətinin araşdırılmasına, onun tarixi inkişaf mərhələlərinin tədqiqinə, digər amil və proseslərlə bağlılığının təhlilinə həsr olunub. Kitabda iqtisadi diplomatik fəaliyyətin qurulması, diplomatik yazışmaların aparılması qaydaları nəzərdən keçirilib, dünyada gedən qütbləşmə şəraitində və beynəlxalq münasibətlər kontekstində iqtisadi diplomatik standartlardan istifadə yolları göstərilib.

Mahiyyət etibarilə dərs vəsaiti “İqtisadi diplomatiyaya giriş” kimi təsnifatlandırıla bilən fəsil və yarımfəsilləri özündə əks etdirir və oxucuya bu barədə ümumi və ya ilkin məlumat vermək məqsədi daşıyır.

Ali məktəb tələbələri, müəllim və diplomatlar üçün nəzərdə tutulmuş dərs vəsaiti 4 fəsildən ibarət olub, 17 mövzunu əhatə edir. Bu fəsillərdə iqtisadi diplomatiyanın nəzəri əsasları öyrənilib, iqtisadi diplomatiya və dövlətin iqtisadi təhlükəsizlik məsələləri arasındakı bağlılıq tədqiq edilib, Azərbaycan Respublikasının xarici iqtisadi siyasəti və iqtisadi diplomatik əlaqələri araşdırılıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş bu əsər Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəşr olunub.