18 oktyabr 2018 23:07
3013

Plastik məhsullardan yol?

Plastik məhsullar elmin və sənayenin ən yüksək nailiyyətlərindən biri olduğu kimi, eyni zamanda, sivilizasiyanın da ən böyük problemlərindən biri hesab edilir. Xoşbəxtlikdən alimlər və mühəndislər maraqlı və faydalı üsul tapmağa nail olublar. Sən demə, plastik məhsullardan yüksək keyfiyyətli yol salmaq mümkündür. Artıq son bir neçə ildə bu yeni texnologiya daha çox ölkələri özünə cəlb etməyə başlayıb.

Bu gün ölkələrin çoxu yol örtüyü üçün nəzərdə tutulan bitumu plastikə dəyişir.

Reallıq belədir, hər il insanlar daha çox plastik istehsal edir, onun əsası da budur ki, gec və ya tez istehsal olunan plastik bir məhsul tullantıya çevriləcək. Məsələ burasındadır ki, plastmas ətraf mühiti həddindən artıq çirkləndirir və təbiətə ciddi zərərlər vurur. Maraqlısı odur ki, tikinti üçün plastikdən istifadə ilk olaraq Hindistanda başlayıb. Artıq bir neçə ildir ki, Asiya ölkələrində plastik tullantıların tikintidə istifadə olunması sürətli şəkildə uğurla inkişaf edir. Hazırda Hindistanda plastikdən istifadə olunaraq 100 min kilometr yol inşa edilib. Plastika asfaltı daha da möhkəm etməyə imkan verir.

Artıq Şimal ölkələri də plastikdən istifadə edərək yol salma üsulunu mənimsəməyə başlayıblar. Belə yolları artıq Kanada və Böyük Britaniyada da görmək mümkündür. Burada söhbət təkcə ekologiyadan deyil, iqtisadiyyatdan da gedir. Plastik tullantılar bitumdan dəfələrlə ucuz qiymətə başa gəlir.

Lakin bu gün daha çox Niderland alimləri irəli gedirlər. Belə ki, oradakı mütəxəssislər plastmas yolların layihəsinin modulunu təqdim ediblər. Belə bir yol tamamilə sintetik tullantılardan ibarət olacaq. Yeni texnologiya heç bir əmək və əlavə xərc sərf etmədən kommunikasiyanın, məsələn, müxtəlif naqillərin düz yolun arasından keçirmək imkanını təmin edə biləcək. Bundan başqa, yeni yolların texnologiyası kommunikasiyada yarana biləcək təmir işlərinin aparılmsını da asanlaşdırıacaq.

Könül Əliyeva, “İki sahil”