24 yanvar 2018 00:10
1832

Tarixdə hakim qadınlar...

Tarixə nəzər saldıqda görürük ki, qadınların heç bir hüququnun tanınmadığı bir dövrdə hünər göstərərək, ad-san qazanmış  qadınlar az deyil. Tarixdə cəsarətləri və ağlı sayəsində iz qoymuş bir neçə məşhur titullu xanımlar haqqında məlumatları oxucularımızın diqqətinə çatdırırıq.

I Elizabet

Kralica I Elizabet Britaniyanın ən böyük monarxlarından biri olub. Çox gənc yaşlarından  taxta  çıxsa da bu, ona asanlıqla başa gəlməyib. Siyasi opponentləri ilə saysız çəkişmələri ilə hər zaman gündəmdə olub. Elizabet anadan olanda onu qeyri-rəsmi doğulmuş uşaq hesab edərək taxta varislikdən uzaqlaşdırmışdılar. Ancaq atası kral VIII Henri ölümünə yaxın onu da o biri övladları ilə eyni hüquqa malik varis elan etdi. Bununla da hakimiyyətə həris Elizabete hakimiyyətin yolları göründü. Kral VIII Henrinin ölümündən sonra, ölkənin dünya səhnəsində mövqeyi sarsıldı. Elizabet, erkən yaşda siyasi oyunda tam hüquqlu bir oyunçu oldu.  Tezliklə hakimiyyəti ələ alan I Elizabet 25 yaşındaykən İngiltərənin Kraliçası oldu. Qardaşı və bacısını özündən və taxtdan uzaqlaşdırdı. Kraliça hakimiyyətə gələn kimi dini münaqişələrin dayandırılmasını prioritet elan etdi.  Həm ölkə daxili, həm də xarici siyasətdə uğur qazandı. Ölkəni hədəf götürən İspaniyanın məşhur “Armada” donanmasını məhv edərək Maria Stüartı edam etdirdi.

Xalq I Elizabetin hakimiyyət illərini belə xarakterizə edir. Ölkə bu illərdə görünməmiş tərəqqi dövrü yaşadı. Ömrünü xalqına ithaf edən kraliça ailə qurmadı.

Jennenga

Bu məşhur qadın XII əsrdə (müasir Qanın şimalında) Dagomaba səltənətinin sahibi idi. Jennenga Kral Nedeqanın qızı idi.  Kral qızı uşaq yaşlarından qardaşları ilə birgə döyüş növlərinin sirlərinə və eyni zamanda  yüksək təhsilə də yiyələnmişdi. Kral qızı məşğul olduğu bütün sahələrdə  parlaq nəticələr göstərirdi. Ox atmaqda, nizə ilə vuruşmaqda nəinki qardaşlarını hətta bir çox kişiləri də üstələyirdi. Çox keçmədi ki, kralın kiçik qızı hətta bütün hərbi hissəni rahatlıqla idarə etməyi də bacardı. Ancaq atasının qadağaları ilə yaşamaq azad ruhlu qıza mane olurdu. Atası Jennengaya bir çox qadağalarla yanaşı, hətta sevdiyi oğlanla ailə qurmağı da qadağan etmişdi.  Şimali Qana ərazisində tapılmış sənədli sübutlara əsasən, Jennenga kralın gözətçilərindən biri ilə ölkədən qaçmağı bacardı. Çox çətinliklər bahasına da olsa  XII əsrdə istəyinə nail olaraq öz səltənətini qura bilmişdi. Bu o dövr afrikalı xanım üçün böyük hünər və şücaət sayıla biləcək bir hal idi.

Knyaginya Olqa

Knyaz İqorun həyat yoldaşı Olqa da tarixdə özünəməxsus şəkildə həm humanistlik həm də qəddarlıqları ilə iz qoyub. Çox güclü xarakterə malik olan Olqa yaşadığı dövrdə əri  knyaz İqorun ölümündə şübhəli bildiyi hər bir kəsdən qisasını amansızlıqla aldı. Knyazı qətlə yetirən drevlyanlar  (İndiki Ukrayna ərəzisində yaşamış şərqi slavyan tayfaları) Olqaya onların knyazı ilə evlənməsi haqda təklif göndərirlər. Salnamədə göstərilir ki, Olqanın yanına gələn elçilər onun əmri ilə atları ilə birgə çuxura atılaraq diri-diri basdırılır. Qisas hissi ilə yaşayan dul qadın bununla kifayətlənmir. O, elçiləri hələlik qonaq etdiyini və drevlyanların ən yaxşı kişilərini guya seçim üçün ona göndərmələrini xahiş edir. Onlar həvəslə razılaşırlar. Təşrif buyuran qonaqlara hamamda çimmək təklif edilir və hamısı orada yandırılır. Daha sonra knyaginya təxminən 5 min nəfəri amasızlıqla qətlə yetirərək knyaz İqorun qısasını almış olur.  Lakin knyaginya Olqa təkcə qəddarlığı ilə deyil, həmçinin islahatçı və müdrik hökmdar kimi də tarixdə iz qoyub. O, öz gücünə hakim qüdrətli hökmdar və xristian dininə bağlı bir xanım kimi tarixə düşüb.  Bu gün də ruslar bu xanımın xatirəsini ehtiramla yad edərək onun adına mükafat  təsis ediblər.

Şəmsiyyə Əliqızı, “İki sahil”