16 noyabr 2017 17:39
1347

“Dünyanın xilaskarı” əsəri 400 milyon dollara satılıb

Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsəri 400 milyon dollara satılıb

Leonardo da Vinçinin “Dünyanın xilaskarı” rəsmi “Christie's” satış evinin Nyu-Yorkda keçirilən hərracında 400 milyon dollara satılıb. Lotun vergilərlə birgə yekun qiyməti 450 milyon dollardan çox olacaq ki, bu da indiyədək hərraclarda satılan sənət əsərləri üçün rekord məbləğdir.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Leonado da Vinçinin məlum əsərlərindən şəxsi kolleksiyada olan yeganə rəsmi nəinki müharibə sonrası və müasir incəsənət hərracının, həm də XXI əsrin əsas lotu olub.

Hərraca 100 milyon dollara çıxarılan rəsm uğrunda eyni vaxtda beş alıcı mübarizəyə başlayıb, lakin qiymət 200 milyon dolları keçdikdən sonra onlardan üçü fikrindən daşınıb. Nəticədə rəsm əsəri 20 dəqiqəlik ticarətdən sonra 400 milyon dollar təklif edən alıcıya qismət olub. Əsərin yekun qiyməti isə 450 312 500 dollar (vergilər və hərrac yığımları ilə birgə) təşkil edir.

Qeyd edək ki, bu məbləğ 2015-ci ildə “Christie's” satış evinin Nyu-Yorkda keçirilən hərracında qeydə alınan rekorddan iki dəfə yüksəkdir. Qətərin Baş naziri Hamed bin Casem Əl Taninin təxminən 200 milyon dollara satın aldığı “Əlcəzairli qadınlar” (Pablo Pikasso) rəsmi son il yarım ərzində ən bahalı əsər sayılırdı. “Dünyanın xilaskarı” rəsm əsərinin yeni sahibinin adı isə açıqlanmır.

Daha bir neçə maraqlı fakt. Euronews telekanalının məlumatına görə, əsərin son sahibi – rusiyalı oliqarx Dmitri Rıbolovlyev onu böyük art-dilerlerin birindən təxminən 128 milyon dollara almışdı. Beləliklə, o, bir hərracda 300 milyon dollar irəli düşüb.

Dünya bu əsərdən ilk dəfə yarım əsr əvvəl xəbər tutmuşdu. O vaxt “Dünyanın xilaskarı” da Vinçi məktəbinə aid rəsm sayılırdı və ona cəmi 45 funtsterlinq hərrac qiyməti qoyulmuşdu. Əsərin məşhur rəssamın fırçasına məxsus olduğu isə 6 il əvvəl dəqiqləşib.