17 aprel 2018 13:54
1225

Tutuquşuların köməyi ilə üstü açılan 6 CİNAYƏT HADİSƏSİ

Dünya mediasından oxuduğumuz xəbərlərdə cinayətin üstünü açan xüsusi təlim keçmiş itlər haqqında çox eşitmişik. Partlayıcı qurğuların tapılması, narkotik vasitələrin, isti izlərin, qan qoxusunun ardınca düşərək cinayətin üstünün açılmasına kömək edən itlərlə yanaşı tutuquşular da var. Bu dəfə sizə tutuquşuların köməyi ilə üstü açılan cinayətlər haqqında danışacağıq.

"İki sahil" Publika.az-a istinadən tutuquşuların üstünü açdığı 6 maraqlı cinayət hadisəsini təqdim edir:

Miçiqan ştatında həyət evində yaşayan Jakoy adlı tutuquşu ər-arvadın cinayətinin üstünü açıb. Belə ki, yay vaxtı pəncərə kənarına qoyulan quş ailə münaqişəsinin şahidi olur. Dəhşətli mübahisənin sonunda isə qadın öz ərini tapança ilə öldürür. Kişinin bədənində çoxsaylı güllə izləri vardı. Cinayəti araşdıran polis işin içərisindən çıxa bilmirdi. Heç kimin ağlına belə gəlməyən anda tutuquşu həmin mübahisə anını canlandırmağa başlayıb. Qadının kişiyə dediyi sözləri və güllə səslərini təkrarlayan tutuquşu cinayətin üstünü açıb. Tutuquşu məhkəmə zalında şahid qismində çıxış edərək, sahibəsi Martinanın cinayətkar olduğunu sübut edib.

Qanın izi

2001-ci ildə ABŞ-da qorxunc qətlin üstünü də Bref adlı tutuquşu açıb. Belə ki, Daniel Torres adlı manyak bıçaqla küçədən keçən 2 nəfərə hücum edib. Hücum etdiyi kişilərdən biri isə tutuquşunun sahibi olan Con Bakler olub. Conun evinin yaxınlığında baş verən cinayəti tutuquşu pəncərədən görür və manyakın üzərinə uçur. Manyak isə qanlı əlləri ilə tutuquşunun qanadlarına toxunur və onu kənara atır. Daha sonra isə çoxsaylı bıçaq zərbələri ilə hər iki qurbanını ölümcül hala salır.

Tutuquşunun onu ələ verə biləcəyini ağlından çıxaran Daniel Torres hadisə yerindən qaçır. Polis hadisəni araşdırdığı zaman tutuquşunun üzərindəki qan izlərini görür və cinayətkarın kimliyini müəyyən edə bilir. Daniel Torres məhkəmə qarşısında cavab verərək törətdiyi cinayətə görə məhkum olunub.

Zoomağazada oğurluq

2011-ci ildə Çinin paytaxtında Afrika tutuquşusunun oğurluğu ilə bağlı xəbər yayılır. Sahibi Lu Vin olan papuqay oğurlanaraq hansısa zoomağazada satışa qoyulur. Afrika tutuquşusunun baha satılacağını bilən oğru onu burada heç kimin tapa bilməyəcəyini və qətiyyən şübhə çəkməyəcəyini düşünür. Lakin maraqlı hadisə baş verir. Tutuquşunun sahibi Lu Vin bu mağazaya gəlir, amma öz quşunun vitrində olmasının fərqinə varmır. Tutuquşu sahibini dərhal tanıyır və ona öyrətdiyi gizli sözləri deməyə başlayır. Elə həmin an Lu Vin öz quşunu tanıyır və dərhal polisə xəbər verir. İlk olaraq mağaza sahibindən şübhələnsələr də, tutuquşunu mağazaya gətirən şəxsin robot rəsmini çəkən mağaza sahibi hadisədə günahsız olduğunu sübut edib.

Cek - Cek

Memfisdə yaşayan yaşıl rəngli tutuquşu evlərinə girən soyğunçuların tapılmasında polislərə kömək etmişdi. Barbara adlı qadının evində qalan quş soyğunçuların evə necə daxil olduğunu, nələri götürdüyünü bir-bir yadında saxlamışdı. Bununla yanaşı, oğrular bir-birinə adları (Cek-Toni) ilə müraciət etdikləri üçün tutuquşu ilk olaraq oğruların adlarını təkrarlamağa başlayıb.

Bahalı daş-qaş və külli miqdarda pulu götürən oğrular evdən çıxarkən tutuquşunun səsini eşidir. Geri dönüb onu götürmək istədikləri zaman təsadüfən yoldan keçən polis evdən 2 maskalı şəxsin çıxdığını görür. Və onlar hadisə yerindən uzaqlaşmadan polislər tərəfindən saxlanılırlar.

Diqqətli qonşu

Növbəti maraqlı hadisənin qəhrəmanı isə Florida ştatında yaşayan Emerald adlı tutuquşudur. Bu ağıllı quş qonşuluqda yaşayan ailənin evinə girən soyğunçular haqqında sahibini xəbərdar etmişdi. Emerald pəncərə qarşısında qonşu evə naməlum şəxslərin girdiyini görüb səs-küy salmağa başlayıb. Sahibəsi yanına gələrək eyni mənzərəni görür və polisə xəbər verir.

Oxşar hadisələrdən biri də Londonda yaşanıb. Rusiyalı məşhur tərcüməçi Qennadi Kurkulyanın mənzili olub. Tutuquşu soyğunçuları görən kimi səs-küy salıb nəzarətçiləri ora toplayıb.

Hindistanın Aqra kəndində tutuquşu dəhşətli cinayətin üstünü açıb. Qorxunc qətl sahibənin və itinin öldürülməsi olub. Cinayətkarların adlarını təkrarlayan tutuquşu polisə düzgün istiqamətdə getməyə kömək edib.