31 avqust 2017 00:24
909

Zığ qəsəbəsindəki beşmərtəbəli yaşayış evində bərpa işləri aparılır

Fövqəladə Hallar Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət komissiya bu ilin iyununda Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayış binalarına və onların yerləşdikləri əraziyə keçirilmiş baxış zamanı sürüşmə, uçqun və çökmə proseslərinə məruz qalmış ərazidə yerləşən Zığ yolu küçəsi, 43 nömrəli yaşayış binasının istismarının həyat üçün təhlükəli olduğu müəyyən edib.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Nazirlər Kabinetinin bu il yanvarın 24-də verdiyi tapşırığa uyğun olaraq Zığ qəsəbəsi, Zığ yolu küçəsi 43 ünvandakı 5 mərtəbəli yaşayış evinin 5, 6, 7 və 8-ci girişlərindəki mənzillərdə yaşayan 162 nəfərdən ibarət 50 ailə bu il yanvarın 24-də başqa ünvanlara köçürülüb, girişlərdəki mənzillərin su, elektrik, istilik və qaz təchizatı dayandırılıb, telefon rabitəsi kəsilib, həmin girişlərin ətrafı çəpərlənib. Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin hazırladığı layihə əsasında “Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyəti binanın 5 və 6-cı girişlərində bərpa-gücləndirmə işləri aparır.

Binanın digər girişlərində də mərtəbələrin örtük tavaları, yükdaşıyan divarları və arakəsmələrdə aralanma və çatların müşahidə olunduğunu nəzərə alaraq binanın 1, 2, 3 və 4-cü girişlərinə təkrar baxış keçirilməsinə və müvafiq rəylərin hazırlanmasına köməklik göstərilməsi üçün rayon icra hakimiyyətinin məktubu ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilib.