13 oktyabr 2017 16:46
831

Tərəqqiyə, yeniliyə, təkmilləşməyə aparan yol

16 mindən artıq üzvü 143  ərazi ilk partiya təşkilatında birləşdirən YAP Xətai rayon təşkilatının Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar silsilə tədbirləri davam edir. Dünən növbəti tədbir YAP Xətai rayon SOCAR-ın “Qaz İxrac” İdarəsi ərazi ilk partiya təşkilatında keçirildi.

Dövlət himninin səsləndirilməsindən, Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunu əks etdirən videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan YAP Xətai rayon SOCAR-ın “Qaz İxrac” İdarəsi ərazi ilk partiya təşkilatının sədri, “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli  Seyfullayev  partiyanın yaranma tarixindən, 25 ildə keçdiyi şərəfli yoldan geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin böyük inam və qətiyyətlə səsləndirdiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır” fikri bütün dövrlər üçün aktuallığını qoruyur, partiyanın inkişaf yoluna bələdçilik edir.

Q.Seyfullayev qeyd etdi ki,  partiyanın yarandığı dövrdə Azərbaycanın yaşadığı duruma nəzər salsaq, bu mühüm hadisəni labüd edən məqamlar daha aydın görünür. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran hökm sürürdü. Xalqın sabaha ümidi yox idi. Azərbaycan xalqının böyük əksəriyyətinin istəyinin ifadəsi olan  91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə partiyanın yaradılması ilə bağlı müraciətində həmin dövrü səciyyələndirən məqamlar öz əksini tapıb. Ümummilli Lider həmin müraciətə cavabı ilə bir daha xalqla birliyini, həmərəyliyini nümayiş etdirdi. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər bütün xalqı bir amal ətrafında birliyə çağırdı.

“Artıq bizi həmin dövrdən 25 illik zaman ayırır” söyləyən Q.Seyfullayev qeyd etdi ki,  bu günümüzün reallıqları Yeni Azərbaycan Partiyasının böyük sınaqlardan uğurla çıxdığını, şərəfli yol keçdiyini bir daha güzgü kimi əks etdirir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən Yeni Azərbaycan Partiyası yarandığı gündən  tutduğu yola, əqidəyə sadiq olmuş, milyonların sevgisini qazanıb. Təsadüfi deyil ki,  YAP qaliblər partiyası kimi nüfuz qazanıb. Azərbaycanın hər biri uğruna öz töhfəsini verən,  atdığı imzaları ilə qürur duyan Yeni Azərbaycan Partiyası 700 mindən artıq üzvü sıralarında birləşdirməklə  yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Q.Seyfullayev bu günə qədər keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə ilə çıxdığını önə çəkərək,  xalqın bu partiyaya inamının, onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin göstəricisi olduğunu xüsusi vurğuladı.  Belə bir partiyanın sıralarında təmsil olunmaqdan qürur duyuruq.

YAP Xətai rayon Gənclər Birliyinin sədri  Sərxan Əliyev bugünkü uğurlarımıza gənclərin gözü ilə baxış keçirərək vurğuladı ki, Azərbaycan gəncliyi dövlətin onlara göstərdiyi diqqət və qayğıdan qürur duyur, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqla öz potensial imkanlarını ortaya qoymağa geniş meydan verildiyini fəxrlə qeyd edirlər. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında da böyük çoxluq təşkil etmələrinin vacibliyini bildirirdi. Partiyanın tərkibində Gənclər Birliyinin yaradılması da bunun təsdiqidir. YAP sıralarında birləşən üzvlərin  50 faizini gənclər təşkil edir. Bu, çıxışlarda da vurğulandığı kimi, partiyanın gələcəyinə olan inamın təsdiqidir. Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin yaratdığı, hazırda  Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında birləşməklə müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, çiçəklənməsinə, yeniləşməsinə öz töhfələrini verməyə səy göstərirlər. Azərbaycanı müxtəlif yarışlarda təmsil edən gənclərimiz əldə etdikləri qələbələrlə bayrağımızın yüksəklərə qaldırılmasına, dövlət himnimizin səsləndirilməsinə nail olur, bununla da təbliğat işimizə öz dəstəklərini göstərirlər. Dövlətimizin başçısı İlham Əliyev gənclərin potensial imkanlarından maksimum istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub.

Partiyanın fəal üzvü  Vilayət  Mirzəyev   çıxışında ulu öndər Heydər Əliyevin  bu fikirlərini  xatırlatdı: “Bəzən düşünmürük ki,  partiyanın adı niyə Yeni Azərbaycan Partiyasıdır? Bu, heç də  təsadüfi deyildir.  Çünki bilirsiniz ki, o vaxtlar  müxtəlif partiyalar yaranırdı bu, müəyyən qədər dəbə çevrilmişdi. Adında gərək mütləq ya “demokratik” sözü olaydı, ya “istiqlal” sözü olaydı, yaxud da bu cür başqa bir söz olaydı. Amma heç bilmirsən ki,  partiya niyə bu adı daşıyır. Partiya yarana bilər və ona abstrakt bir ad qoyarlar, bu başqadır. Partiyanın adı onun siyasi xəttini, siyasi prinsiplərini, siyasi strategiyasını, perspektivini əks etdirməli, buna münasib olmalıdır. Bax, buna görə də  biz partiyanın adını Yeni Azərbaycan Partiyası qoyduq. Yəni yeni Azərbaycan qurulur, müstəqil Azərbaycan qurulur. Yeni Azərbaycanda da Yeni Azərbaycan Partiyası olmalıdır.”

Tədbir iştirakçılarına 25 illik yubiley münasibətilə təbriklərini çatdıran YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov  bildirdi ki, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı böyükdür. Çünki partiya bu etimadı  yarandığı gündən doğruldub. Yaranmasından 6 ay sonra iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyasına xalqın sevgisi sonsuzdur.  Bunu ölkəmizdə keçirilən seçkilərdə xalqın partiyaya, həyata keçirilən siyasətə dəstəyi də təsdiqləyir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müstəqil Azərbaycana davamlı uğurlar qazandırır. Bu uğurlarda Yeni Azərbaycan Partiyasının öz payı, öz yeri  vardır.

H.Mirələmov sınaqlardan uğurla çıxaraq, şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının 25 illik tarixinə qısa nəzər salmaqla bir daha bildirdi ki, müstəqil Azərbaycanın uğurlarının bələdçisi olan partiyanın hər bir üzvü Heydər Əliyev irsinin təbliğatçılarıdır. Ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin miqyası genişdir, Yeni Azərbaycan Partiyasının yaradılması kimi dünənimiz, bu günümüz və gələcəyimiz üçün mühüm hadisə bu xidmətin əsas  tərkib hissələrindəndir.

H.Mirələmov ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” tezisinə söykənərək, partiyanın hər bir üzvünü qüdrətli, güclü Azərbaycanın davamlı uğurlarına dəstək olmağa çağırdı.

Milli Məclisin deputatı çıxışında yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin göstərdiyi səylərdən geniş bəhs edərək bildirdi ki, dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycanın dəyişməz mövqeyini qətiyyətlə bəyan edən dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.   

Sonda fəallıqları ilə seçilən bir qrup üzvə YAP Xətai rayon təşkilatının fəxri fərmanı təqdim olundu.

Yeganə Əliyeva,

Vüsal Cahanov (foto),

“İki sahil”