05 noyabr 2017 01:08
1802

Arif Rəhimov: Bakıda üçüncü Formula-1 Qran-Prinsinə biletlərin satışına başlanmasını elan etməyə şadıq

2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək Azərbaycan F1 Qran-Prisinin təşkilatçıları qarşıdakı yarışlara biletlərin satışına noyabrın 6-da başlanacağını elan ediblər. Dekabrın 31-dək 4 günlük uik-endə alınan biletlərə 20 faiz endirim qüvvədədir.

AZƏRTAC xəbər verir ki, 4 günlük yarışlara biletin endirimli qiyməti, tribunadan asılı olaraq 160 manatdan 560 manatadəkdir. Birgünlük biletin qiyməti 60 manatdan 150 manatadəkdir. 2-15 yaş arası uşaqlara bilet xüsusi qiymətlərlə əldə ediləcək. Ödəniş ABŞ dollarının biletin alındığı günə olan kursu ilə həyata keçiriləcək.

“Baku City Circuit”un icraçı direktoru Arif Rəhimov deyib: “Aprel ayında Formula-1 yarışlarının tarixdə üçüncü dəfə Bakıda keçiriləcək mərhələsinə biletlərin satışına başlanmasını elan etməyə şadıq. Azarkeşlərə xüsusi təkliflər etməyimiz vacibdir. Hesab edirik ki, daha tez alınmış biletlərə endirim tamaşaçılarda bileti güzəştli qiymətlərlə əldə etməyə stimul yaradacaq.

2017-ci ildə keçirilən yarış inanılmaz dərəcədə baxımlı idi: biz yaddaşlarda uzun müddət qalacaq mübarizə gördük. Gələn ilin yarışması aprelə planlaşdırılıb, bu da Bakıda havanın necə olmasına qabaqcadan zəmanət vermir. Azarkeşlərə məsləhət görərdim ki, hələ ki satışda olan biletləri almağa tələssinlər”.