05 yanvar 2018 17:43
1183

Fransalı vəkil: Ermənistan təslim olacaq

"Avropa Məhkəməsinə yalnız kollektiv müraciətlər əhəmiyyətli nəticələr verəcək"

İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin hüquqlarını müdafiə edən fransalı vəkil Jan-İv Feltesin “Report”un Qərbi Avropa bürosuna müsahibəsi.

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayətini qismən təmin edib. Ermənistan onların hər birinə 5 min avro məbləğində kompensasiya da ödəməlidir. Avropa Məhkəməsinin qərarını necə qiymətləndirirsiniz? 

- Avropa Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərlə bağlı qərarını alqışlayıram. Digər azərbaycanlı məcburi köçkünlərin də Avropa Məhkəməsinə müraciət etmələrini istərdim. Bu, eyni zamanda azərbaycanlı məcburi köçkünlərlə bağlı həqiqətlərin bütün Avropaya çatdırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Bu məsələnin hüquqi tərəfini öyrənmək və məsləhət almaq üçün mənə müraciətlər olub. Əgər Avropa Məhkəməsinə müraciət edən azərbaycanlı məcburi köçkünlərin sayı on, yüz, min olarsa, bu şikayətlərin qarşısında heç bir ölkə tab gətirə bilməz.

Bundan əlavə qeyd emək lazımdır ki, mümkün variantların hamısı hələlik axıra qədər öyrənilib başa çatdırılmayıb. Məsələn, Azərbaycanın hələlik ratifikasiya etmədiyi Beynəlxalq Cinayət Məhkəməsinə də müraciət etmək olar. Azərbaycan sənədləri ratifikasiya etdikdən sonra bu məhkəmənin bütün imkanlarından tam istifadə etmək hüququna malik olacaq. Qeyd etmək istəyirəm ki, ayrı-ayrı şəxslərin müraciətləri də məsələnin həllinə öz töhfəsini verə bilər. Amma yalnız kollektiv müraciətlər əhəmiyyətli nəticələr verəcək.

Biz ermənilərə bu barədə sual verdikdə onlar nə baş verdiyini izah etməkdə özləri belə çətinlik çəkirlər.

- 2014-cü il iyulun 12-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasına necə nail olmaq olar?

- Bu məsələdə optimistəm. Azərbaycanlı girovlarla bağlı məlumatları yaymağı davam etdirmək lazımdır. Bunun bir beynəlxalq skandal olduğunu bəyan etmək vacibdir. Bu məsələ yetişmiş meyvəyə bənzəyir. Meyvə vaxtı çatanda yetişdiyi kimi, Ermənistan da bu məsələdə təzyiqlərə dözməyərək təslim olacaq.

Təzyiq etmək əsas vasitədir. Fransa öz girovlarını xarici ölkələrdən geri almaq üçün həmişə bu üsuldan istifadə edir. 

Ermənistanı xarici ölkələrdə dəstəkləyən insanlar çoxdur. O zamankı artıq onları dəstəkləyən olmayacaq, geri çəkiləcəklər. Hələlik öz qayda-qanunlarını yeritməkdə davam edirlər. Lakin onlara “yox” deyənlərin sayının artdığını gördükdə başqa çıxış yolları qalmayacaq. Təzyiqləri gücləndirməyin vaxtıdır.

- Öz evlərini, torpaqlarını itirmiş azərbaycanlı məcburi köçkünlərlə bağlı ən çox narahatlıq doğuran məsələ hansıdır?

- Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edir və hələ də həll olunmayıb. Münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşən azərbaycanlı məcburi köçkünlər arasında yeni nəsil yetişməkdədir. Ən önəmlisi həmin yeni nəsli bu problemdən uzaq tutmamaq, əksinə, məktəblərdə, təhsildə bu mövzuya daha artıq yer ayırmaqdır.

Hər bir xalq öz tarixinin şahididir. Fransa xalqı da tarixdə çox acılı günlər yaşayıb. Biz bunları övladlarımıza öyrətməkdə davam etmişik. Bu minvalla hər zaman məqsədlərimizə nail olmuşuq.