18 yanvar 2018 14:58
980

Deputatlar Bolqarıstanda

Milli Məclisin deputatları, “Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu”nun sədri Rauf Əliyev, Dostluq Qrupunun üzvləri Ağacan Abiyev və Sabir Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdədirlər. Rauf Əliyevin “İki sahil”ə verdiyi məlumata görə, Bolqarıstanın 44-cü Xalq Məclisinin  “Bolqarıstan – Azərbaycan Parlamentlərarası Dostluq Qrupu”nun sədri Həmid Həmidin dəvəti ilə baş tutan səfərdə deputatlar 16 yanvar 2018-ci il tarixdə açılmış Bakı-Sofiya ilk birbaşa hava reysindən istifadə ediblər.

Qeyd edək ki, Bu hava reysi Azərbaycan və Bolqarıstan prezidentlərinin Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways” tərəfindən 16 yanvar 2018-ci il tarixdən etibarən  Bakı- Sofiya birbaşa hava əlaqəsinin hayata keçirilməsinə dair razılığa əsasən fəaliyyətə başlayıb.

Səfər çərçivəsində 17 yanvar 2018-ci il tarixdə deputatlarımz Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisində  “Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu”nun üzvləri, Xalq məclisinin sədri Çveta Karayançeva ilə görüşüblər. Görüşlərdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın perespektivləri, münasibətlərin daha da möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər baradə fikir mübadiləsi aparılıb.

Görüş zamanı “Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu”nun sədri Rauf Əliyev iki ölkə arasında əlaqələrin inkişafından, Azərbaycan-Bolqarıstan Parlamentləri arasında əlaqələrin səviyyəsindən, “Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu”nun fəaliyyətindən, bu sahədə əldə olunmuş uğurlardan və əməkdaşlığın perspektivlərindən danışıb.