19 yanvar 2018 18:18
994

Rusiyalı ekspert: Azərbaycanda dəmir yolunun yenidən qurulması...

Azərbaycanda dəmir yolunun yenidən qurulması Rusiya-İran istiqamətində yük axınlarının artmasına gətirib çıxaracaq. AZƏRTAC “morvesti.ru” saytına istinadla xəbər verir ki, “Rus Konteyner Şirkəti” Səhmdar Cəmiyyətinin (SC) analitik şöbəsinin mütəxəssisləri belə hesab edirlər.

2018-ci ildə Azərbaycan irimiqyaslı “Şimal-Cənub” nəqliyyat layihəsinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun Rusiya sərhədinə qədər hissəsinin yenidən qurulmasına başlayacaq.

Yenidənqurma işləri zamanı Bakı-Astara dəmir yolunun Xəzər dənizinin sahilindən keçən hissəsinin köçürülməsi, habelə Qəbələ şəhərinə qədər dəmir yolu qolunun çəkilməsi nəzərdə tutulur.

“Rus Konteyner Şirkəti” SC-nin analitik şöbəsi mütəxəssislərinin fikrincə, belə infrastruktur layihələri təkcə Azərbaycan üçün deyil, həm də Rusiya və beynəlxalq qadağalar ləğv ediləndən sonra dünyada ən yüksək iqtisadi inkişaf sürətlərindən birini nümayiş etdirən İran üçün sərfəlidir

Tranzit potensialının inkişafı ölkələrimiz arasında münasibətlərin inkişafının düzgün vektorudur. O, qeyri-xammal sahələrinin, o cümlədən nəqliyyat kompleksinin iqtisadiyyatın inkişafının təminatına çevrilməsinə kömək edir. “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirmək və ilkin mərhələdə bu yollarla ildə təqribən 5 milyon ton yük daşımaq nəzərdə tutulur.

“Rus Konteyner Şirkəti” SC-nin baş direktoru İvan Qrişaqin belə bir proqnoz verərək deyir: “Nəqliyyat sahəsində yaranan real vəziyyəti lazımınca qiymətləndirmək həqiqətən çətindir, amma fəaliyyət göstərən və işə salınmağa hazırlanan dəmir yollarının buraxıcılıq qabiliyyəti ilə bağlı ilkin hesablamalar nəzərə alınsa, xərclər nəinki ödəniləcək, həm də Rusiya və İran iqtisadiyyatlarının möhkəmlənməsinin əhəmiyyətli amilinə çevriləcək. Görülən tədbirlər şəksiz ki, ölkələrimiz arasında əmtəə dövriyyəsini dəfələrlə artırmağa və hətta proqnozlaşdırılan göstəriciləri 10 milyard dollar üstələməyə imkan verəcək”.