19 yanvar 2018 20:17
1320

DİM məşğələlərə başlayıb

Dövlət İmtahan Mərkəzinin (DİM) Gəncə regional bölməsində bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün seminar-məşğələlərə start verilib.

Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani tanış olması üçün imtahan texnologiyasına aid film nümayiş etdirilir.

Həmçinin imtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20-25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənəd və vəsaitlərdən istifadə olunur.

Seminar-məşğələlərin keçirilməsində əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçi müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallıq baxımından mühüm məqamları qeyd etməkdir. Eyni zamanda, imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq, eləcə də nəzarətçi müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır.

Məlumat verilib ki, seminar-məşğələlərə qatılan müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda qazandıqları nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək olacaq. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb ediləcəklər.

Qeyd edək ki, yanvarın 25-dək davam edəcək seminarlar Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən aparılır.