19 yanvar 2018 20:21
994

Müdafiə naziri: Əməliyyatı keçirəcəyik

“Bütün terror əlaqələrinin kəsilməsi üçün lazımı şərtləri formalaşdırırıq”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Nurettin Canikli Suriyanın Afrin əyalətində terrorçulara qarşı keçiriləcək əməliyyatla bağlı bildirib.

Onun sözlərinə görə, Türkiyə ordusunun ehtimal olunan itkilərini azaltmaq üçün lazım olan bütün addımlar atılır: "Bu məsələ əməliyyatların bütün mərhələlərində diqqət mərkəzində olacaq. Türkiyəyə qarşı təhdid günü-gündən artır. Ona görə də bu əməliyyat keçiriləcək, terrorçulara qarşı mübarizə gerçəkləşəcək".

Müdafiə naziri Afrində antiterror əməliyyatının olacağını desə də, tarixini açıqlamayıb: “O bölgədə lazım olan bütün tədbirlər görülür. Suriyanın şimalındakı bütün terror xətləri, ortadan qaldırılacaq. Bunun başqa çarəsi yoxdur”. 

N.Canikli vurğulayıb ki, Rusiyanın Suriyadakı Bəşşar Əsəd rejiminə dəstək verdiyi hamıya məlumdur: ”Ona görə rejimin dediklərinin təkbaşına həyata keçirilməsi imkanları məhduddur. Bunu rejimin təkcə öz fikri kimi qəbul etməmək lazımdır. Bunlar müzakirə masasında müzakirə ediləcək məsələlərdir”.