13 aprel 2018 15:16
1144

Naxçıvan təpə haqqında yeni nəşr

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən “Naxçıvan təpə yaşayış yerində arxeoloji tədqiqatlar” adlı kitab üç dildə (Azərbaycan, ingilis, rus) nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən “İki sahil”ə verilən məlumata görə, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevin həmmüəllifi olduqları 264 səhifəlik kitab bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunub.

Nəşrdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında ötən il Naxçıvan şəhəri ərazisində Cənubi Qafqazın ən qədim Eneolit abidəsi olan Naxçıvan təpə yaşayış yerində aparılan arxeoloji araşdırmaların nəticələri öz əksini tapıb.

Arxeoloji tədqiqatların nəticələri Naxçıvan təpə yaşayış yerinin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığı təsdiq edib. Müəlliflər yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənmək baxımından əhəmiyyətli olduğunu bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, karbon nümunələri İtaliyanın Lesse şəhərində analiz edilib. Yaşayış yerinin alt təbəqəsindən götürülən kömürün analizi e.ə. 4945-ci ili göstərib.