14 iyun 2018 22:37
1757

Milli Məclisin üzvləri Slovakiyada səfərdə olub

Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Slovakiyada səfərdə olub

Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, işçi qrupunun üzvü, millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və millət vəkili Azər Badamov Slovakiyanın paytaxtı Bratislavada rəsmi səfərdə olublar.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Milli Məclisin nümayəndə heyətinin Slovakiyanın Baş naziri Peter Pelleqrini, Slovakiyanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyinin dövlət katibi Lukas Parizek, həmin ölkənin Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek və qrupun üzvləri ilə məhsuldar görüşləri keçirilib, parlamentlərarası əlaqələrin, ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə keçirilən görüşdə iki ölkə arasında formalaşmış dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar sferada qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Görüşdə Azərbaycanda aparılan kompleks və sistemli islahatlar, həyata keçirilən nəhəng transmilli nəqliyyat və enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, Сənubi Qaz Dəhlizi haqqında ətraflı söhbət açan Ş.Hacıyev qeyd edib ki, bütün bunlar gələcək dövrdə ikitərəfli iqtisadi əməkdaşlığımızın sürətlə inkişaf etdirilməsinə geniş imkanlar yaradır.

Azərbaycanda son dövrlərdə əldə edilmiş uğurlardan məmnunluğunu bildirən Baş nazir P.Pelleqrini həm Azərbaycana investisiya qoyuluşlarında, həm də ölkəmizdən sərmayələrin cəlb edilməsində, xüsusilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edib, iki ölkənin əməkdaşlıq potensialının genişləndirilməsi məqsədilə Azərbaycan-Slovakiya Hökumətlərarası İqtisadi Komissiyanın yaradılması və biznes forumlarının keçirilməsinin, eləcə də hər iki ölkədə səfirliklərin açılmasının vacibliyini vurğulayıb. Baş nazir öz tərəfindən bu istiqamətdə müvafiq addımların atılacağını da diqqətə çatdırıb. Bununla əlaqədar olaraq Slovakiyanın Baş naziri P.Pelleqrini bu il sentyabr-oktyabr aylarında Azərbaycana gözlənilən səfəri barədə də məlumat verilib.

Parlament nümayəndə heyətinin rəhbəri Ş.Hacıyev əlavə edib ki, Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə 2025-ci ildə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin ən yüksək standartlar səviyyəsində müvəffəqiyyətlə həyata keçirildiyinə diqqəti çəkərək Ş.Hacıyev “Ekspo 2025” sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinın namizədliyinin Slovakiya tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib. Baş nazir son üç ildə iki dəfə Bakıda səfərdə olduğunu məmnunluqla xatırladaraq, paytaxtımızda bu kimi qlobal tədbirlərin keçirilməsi üçün bütün imkanların və lazımi infrastrukturun mövcud olduğunu qeyd edib və Bakının “Ekspo 2025” sərgisinə ev sahibliyi etməsinə tam layiq olduğunu vurğulayıb.

Slovakiyanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyinin Dövlət Katibi Lukas Parizek ilə görüşdə nümayəndə heyətimiz tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib və sözügedən münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmaması prinsipləri əsasında həll olunmasının mümkünlüyü bir daha bəyan edilib. Eyni zamanda, bir neçə Slovakiya vətəndaşının, o cümlədən bəzi deputatların, jurnalistlərin, elm və təhsil işçilərinin Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının icazəsi olmadan işğal edilmiş ərazilərimizə qeyri-qanuni səfərlərinin, həmin ərazilərdə yaradılmış qanunsuz rejimlə əməkdaşlıqların yolverilməz olduğu diqqətə çatdırılıb.

Qarşı tərəf məsələnin ciddi araşdırılacağını, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq tədbirlərin görüləcəyini bildirib. Bununla yanaşı, Slovakiyanın hazırda BMT Baş Assambleyasına, gələn 2019-cu ildə isə ATƏT-ə sədrlik edəcəyini qeyd edərək L.Parizek beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb və bununla bağlı ölkəmizə ilin sonlarına yaxın nəzərdə tutduqları səfərlərinin əhəmiyyətindən danışıb. İkitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanları barəsində fikir mübadiləsinin aparılması ilə davam edən görüşdə hər iki ölkədə səfirliklərin açılması məsələsinin vacibliyi bir daha qeyd edilib.

Eyni zamanda, ölkəmizdə multikulturalizmin əhalinin həyat tərzinə çevrildiyinə diqqəti çəkən Ş.Hacıyev Bakı şəhərinin mərkəzi rayonu hesab olunan Səbail rayonu ilə Bratislavanın mərkəzi inzibati rayonlarından biri ilə dostluq əlaqələrinin yaradılması və “qardaşlaşmış rayonlar” çərçivəsində qarşılıqlı ictimai-mədəni tədbirlərin, o cümlədən mədəniyyət günlərinin həyata keçirilməsi təklifi ilə çıxış edib və bunun böyük mədəni, ticari-iqtisadi və turizm əhəmiyyətindən danışıb. Təklif böyük maraqla qarşılanıb və ikitərəfli münasibətlərin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək bu məsələnin müsbət həll olunması üçün Slovakiya tərəfindən müvafiq addımların atılacağı diqqətə çatdırılıb.

Nümayəndə heyətinin Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek və qrupun üzvləri ilə keçirdiyi görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin və parlament üzvlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyi qeyd edilib. Sonuncu dəfə Peter Marçekin rəhbərliyi ilə Slovakiya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin cari ilin aprel ayında ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıda səfərdə olduğunu, seçkilərin tam demokratik və şəffaf əsaslarla yüksək səviyyədə keçirildiyinə dair obyektiv rəy bildirdiyini xatırladan Ş.Hacıyev ölkəmizdə demokratik dövlət quruculuğu prosesində yaxından iştirak etdiyinə görə bir daha dostluq qrupunun rəhbərinə və üzvlərinə təşəkkürünü bildirib. Bu cür münasibətlərin gələcəkdə davam etdirilməsi müsbət ənənə kimi dəyərləndirilərək aparılmış danışıqlarda 2018-ci ilin sonlarına qədər Slovakiya Milli Şurasında ayrıca Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması qərara alınıb. Qeyd edək ki, hazırda Azərbaycan Slovakiyanın Milli Şurasının Orta Asiya və türksoylu ölkələrinin parlamentlərarası dostluq qrupuna daxildir.

Görüşdən sonra Slovakiya Milli Şurasında tanışlıq məqsədilə gəzinti turu və rəsmi ziyafət təşkil edilib.

Səfər proqramı Azərbaycanın Bratislavadakı fəxri konsulluğu, Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi və səfirliyin Bratislavadakı nümayəndəliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, habelə Azərbaycan və Slovakiya diplomatik əlaqələrinin 25 illiyi münasibətilə Bratislavanın filarmoniyasında təşkil edilmiş rəsmi qəbul və konsert proqramı ilə sona çatıb.