KÖŞƏ

Zahid Rza

Avantüra

26 iyul 2018 15:09
4575

Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan satqın, necə deyərlər “iaşə müxalifətçiliyi” ilə məşğul olan bir qrup başıpozuq dəstənin ölkəmizdəki uzantıları müxtəlif təşkilatlar yaradaraq respublikamıza qarşı “qara piar” kampaniyası aparırlar. Bir vaxtlar Azərbaycan əleyhdarlarının xeyir-duası ilə yaradılan “Milli Şura”nın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri olan Mehman Əliyev, “Ayna-Zerkalo” qəzeti ilə tanınan, işi-gücü bəlli olmayan Elçin Şıxlı, qrant layihələri üzrə “məharətli icraçı” olan-”Yeni nəsil”çi Arif Əliyev, nə yuvanın quşu olduğunu yaxşı bildiyimiz Rövşən Hacıbəyli, Əvəz Zeynallı kimilərin toplandığı “Media klub”u  bunun əyani sübutudur. Bu “media klub”çuların hamısının əsl siması cəmiyyətimizə yaxşı məlumdur. Bunların dərdi mətbuat azadlığı, jurnalistikanın problemləri yox, ancaq və ancaq xarici təşkilatlardan, hətta düşmənlərimizin təsiri altında olan maliyyə qurumlarından aldıqları qrantlardır.  2014-cü ildə, xarici qrantların mediada pay sahibi olduğu dövrlərdə USAİD Azərbaycanda “müstəqil medianın inkişafı üçün” 2,4 milyon dollar həcmində qrant ayırmışdı və maraqlıdır ki, həmin müsabiqəni gizli, Azərbaycan cəmiyyətini, media quruluşlarını məlumatlandırmadan keçirirdi. Son nəticədə məlum oldu ki, təşkilat qrantı İREX-ə ötürmək üçün ayırıb. İREX-i isə Mehman Əliyev kurasiya edir. Məhz həmin qalmaqaldan sonra dövlət ölkəyə xarici qrantların girişini sərtləşdirdi. Məsələ ilə bağlı aparılan araşdırmalar göstərdi ki, bu barədə əvvəlcədən razılaşma əldə edilib və məhz bu səbəbdən layihə məxfi saxlanır.

Məsələ burasındadır ki, erməni lobbisinin, Azərbaycan əleyhdarlarının çirkli pulları ilə bəslənən belə üzdəniraq “media nümayəndələri” aldıqları qrant pullarını nağdlaşdırmaq üçün antimilli fəaliyyətlərinin rəngini daha da tündləşdirirlər. Əslində heç kimə sirr deyil ki, bu parazitlər erməni lobbisinin, öz maliyyə imkanları ilə dünyanı qan çanağına döndərən, ölkələri viran qoyan, xalqları qan içində boğaraq sərvətinə sərvət qatan, elə buna görə də şərəfsizliyin simvoluna çevrilən beynəlxalq maliyyə fırıldaqçısı olan Soros kimilərin çirkli pulları ilə qidalanaraq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna kölgə salmağı, qara yaxmağı öz fəaliyyətlərinin əsas prinsipinə çeviriblər. Məsələ burasındadır ki,  məhz belələri beynəlxalq siyasət və hüquqda ikili standartların hökmran olduğu bir dövrdə “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi öz “dəyər və prinsipləri”nə xəyanət edən təşkilatların reallıqları əks etdirməyən, qərəzli, məsuliyyətsiz hesabatlarının əsas bazası rolunu oynayırlar.

Cəmiyyətimiz antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir. Onların xaricdəki Azərbaycan əleyhdarlarının beş-üç qəpik tulapayına şirniklənərək hansı çirkin oyunlardan çıxdıqlarına da yaxşı bələddir. Bu xəyanətkarlar öz çirkin əməlləri, məkrli planları ilə bir daha  göstərdilər ki, onların məqsədləri ölkəmizin imicini korlamaq, şər-böhtan, qrantxana mərkəzi olan müxtəlif “media klublarında” birləşərək  ermənipərəst dairələrin və antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirməkdir.

Cəmiyyətimiz yaxşı bilir ki, “media klub”çular da daxil olmaqla bu başıpozuq dəstənin üzvləri Azərbaycanın uğurlarını gözügötürməyən qüvvələrdən aldıqları qrantların qarşılığında mütəmadi olaraq ölkəmizə qarşı əks-təbliğat aparırlar. Respublikamızda beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə, o cümlədən paytaxt Bakı “Avroviziya-2012” beynəlxalq musiqi yarışmasına, Bakı-2015: Birinci Avropa Oyunlarına, “Formula-1”, Bakı-2017: İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəndə xarici ölkələrdə Azərbaycan əleyhinə təbliğata start verildi. Sapı özümüzdən olan baltalar ermənipərəst dairələrin qrantları hesabına “Demokratiya naminə oxu” və sair bu kimi kampaniyalara başladılar.

 Bu gün Mehman Əliyev, Elçin Şıxlı, “Yeni nəsil”çi Arif Əliyev, Rövşən Hacıbəyli, Qulu Məhərrəmli kimi “media klub”çuların ölkəmizdə çap mediası ilə bağlı söylədikləri fikirlər, ortaya atdıqları iddialar da dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində  dayanan yazılı mətbuatın sıradan çıxarılmasına yönəlib. Təxminən 150 illik tarixi olan və  bu gün ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində gündən-günə inkişaf edən yazılı mətbuatımızın sıradan çıxarılmasına yönəlik fikirlərin səsləndirilməsi əslində avantüradan başqa bir şey deyil.