KÖŞƏ

Zahid Rza

Xəzər sülh, əməkdaşlıq və təhlükəsizlik dənizinə çevrilir

14 avqust 2018 23:10
3995

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusu ilə bağlı imzalanan tarixi Konvensiya sahilyanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli layihələr, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Sammitdə Su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması,  regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunaraq  mühüm əhəmiyyətə malik qərarlar qəbul olunması əslində böyük bir tarixi hadisədir desək, yanılmarıq. Məhz buna görə də bu Konvensiyanı haqlı olaraq Xəzərin Konstitusiyası adlandırırlar.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həmin sənədin hazırlanmasının bütün mərhələlərində öz töhfəsini verib və bu vacib sənədin imzalanması üçün daim konstruktiv təkliflər irəli sürüb. SSRİ dağılandan sonra Xəzəri təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qoruyub saxlamaqda Azərbaycan daim konstruktiv, həlledici səylər göstərib.  Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun iclasının bu ilin payızında Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

Ölkəmizin başçısı sammitdəki çıxışında bildirib ki, hələ Konvensiyanın imzalanmasınadək Xəzər təhlükəsizlik, sabitlik dənizi olub, Xəzərdə təhlükəsizlik və sabitliyin təminatının təməlində isə Xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətləri dayanıb. Bundan başqa, ekspertlərin də qeyd etdikləri kimi, Xəzərin hüquqi statusu məsələsinin aktiv müzakirəyə çıxarılmasında və danışıqların illərdən sonra uğurla yekunlaşmasında Azərbaycanın və dövlətimizin rəhbərinin mühüm rolu olub.

Beş sahil ölkəsi tərəfindən reallaşdırılan bu tarixi razılaşma Xəzər  dənizinin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdir sürən ziddiyətlərin  qarşılıqlı əməkdaşlıq,  xüsusi etimad və ehtiramla əvəz olunmasını təmin etdi. Xəzəryanı ölkələrin rəhbərlərinin bəyanatlarında sammitdə müzakirə olunan əsas məsələlərə dair əməkdaşlıq, qlobal və regional təhlükəsizliyin yer alması da bunun əyani sübutudur.

Təsadüfi deyil ki, BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. A.Quterreşin kütləvi informasiya vasitələri tərəfindən yayılan bəyanatında deyilir ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasını alqışlayır. Bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri sayılan regional əməkdaşlığın mühüm olduğunu nümayiş etdirir.

Qazaxıstanlı politoloq Eduard Poletayev deyib ki, Konvensiya bundan sonra təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq: “Xəzər dənizinin nizamlanmamış statusu fərqli qüvvələrin müxtəlif spekulyasiyaları üçün meydana çevrilmişdi. İndi bu cür spekulyasiyalar azalacaq. Beynəlxalq müqavilələrin bir növü olan Konvensiya adətən bir mövzu ilə bağlı bütün məsələləri əhatə edir. Düzdür, bir sıra mübahisəli məqamlar Konvensiyadan kənar qalsa da, bu məsələlər iki və ya üçtərəfli razılaşmalarla həll olunacaq. Ümumilikdə Konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək”.

Digər tanınmış ekspertlər kimi, E.Poletayev də qeyd edib ki, bu sənəd bir çox məsələlərin münaqişəsiz həlli üçün şərait yaradıb. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının mənsubiyyəti barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin, xüsusilə də üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin həll olunmasını asanlaşdırmalıdır.

 Prezident İlham Əliyev V Zirvə Toplantısında bildirib ki, bu gün Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında daim fəal iştirak edib: “2010-cu ildə Xəzərəyanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm  töhfəsini vermişdir. Həmin Zirvə Toplantısında regionda  təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyan  “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışıdr. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir.”

Zahid Rza, “İki sahil”