KÖŞƏ

Zahid Rza

İqtisadiyyatda sabit artım

28 avqust 2018 20:59
4958

Respublikamızda həyata keçirilən tədbirlər, reallaşdırılan irimiqyaslı layihələr nəticəsində sosial-iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə edilib. Son 15 ildə ölkə iqtisadiyyatı 3,2 faiz, büdcə gəlirləri 13,5 faiz, əmək haqları və pensiyalar 8,6, strateji valyuta ehtiyatları 23, xarici ticarət dövriyyəsi 4,6, ixrac 6 dəfə artıb, 1 milyon 500 min yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44 faizdən 5,4 faizə enib. Bu müddətdə Azərbaycan iqtisadiyyatına 231 milyard dollardan artıq sərmayə qoyulub. Ötən dövr ərzində ölkəmizdə 3100-dən çox məktəb, 600-dən çox xəstəxana inşa olunub və yenidən qurulub, respublikamızda 30-dan çox elektrik stansiyası istifadəyə verilib, 15 min kilometr yol çəkilib.

Təbii ki, bu nəticələrə ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində nail olunub.

Azərbaycan hökuməti yaxın iki il ərzində ölkə iqtisadiyyatının artımı üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir ki,  yaxın iki il ərzində ölkə iqtisadiyyatının artımı üzrə proqnozlar əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Əgər 2018-ci ildə ÜDM-nin artımını 1,5 faiz səviyyəsində gözlənilirdisə, indi proqnoz iki faizə qədər artırılıb. 2019-cu il üçün proqnoz 1,4 faizdən 3,1 faizədək yenidən nəzərdən keçirilib.

Strategiyada qeyd olunur ki, 2018-ci ildə və ortamüddətli dövrdə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir. Belə ki, yerli proqnozlarla yanaşı, bir sıra mötəbər beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır. Strategiyaya əsasən, ortamüddətli dövrdə inflyasiya göstəricilərinin azalması proqnozlaşdırılır ki, bu da öz növbəsində, uçot faiz dərəcəsinin endirilməsi və daraldıcı pul siyasətindən neytral pul siyasətinə tədrici keçid üçün zəmin yarada bilər. Beləliklə, dövlət borcunun idarə edilməsi ilə bağlı yerli bazarlardan maliyyə resurslarının cəlb edilməsi zamanı inflyasiya risk faktorunun aşağı olması ilə əlaqədar daha münasib faiz dərəcəsi formalaşıb.

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da öz əksini tapır, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşır. “Fitch Ratings”, “Standard & Poor’s” və “Moody’s” kimi beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının sabit artım nümayiş etdirdiyini qeyd edirlər. Xüsusilə “S&P” Azərbaycan ÜDM-nin orta artımını 2022-ci ilə qədər üç faiz səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, “Moody’s” ölkə iqtisadiyyatının artımı üzrə proqnozlarını artırıb. “Fitch” agentliyi isə qeyd edir ki, ölkədə geniş siyasi və sosial sabitlik saxlanılacaq.

Bu yaxınlarda “Moody’s” beynəlxalq reytinq agentliyinin ilkin qiymətləndirmələrində 2018-ci ildə Azərbaycanda inflyasiyanın  6 faiz, 2019-cu ildə isə 5 faiz təşkil edəcəyi bildirilib. Agentliyin mütəxəssisləri qeyd edirlər ki, bu il tədiyyə balansında profisit ÜDM-nin 2,3 faizinə, 2019-cu ildə isə 3,8 faizinə bərabər olacaq.

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar, o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri  əksini tapıb.