KÖŞƏ

Zahid Rza

Xəyanətkarlıq missiyası

02 oktyabr 2018 22:42
7452

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan, mənəvi-psixoloji burulğanlar girdabında çırpınan xəyanətkarlardan ibarət məlum başıpozuq dəstənin üzvləri öz xislətlərinə uyğun olaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini, şər-böhtanı, “qara piar”, kampaniyasını əxlaqsızcasına davam etdirirlər.

İstər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlərin respublikamıza qarşı təxribatçı, yalançı-kamufulyajlı təbliğatı həqiqətlərin qarşısında tab gətirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılıb gedir.

Həqiqətlər ortaya çıxdığı üçün heç kim yalanlara inanmır. Yalançı, xəyanətkar, karyerist siyasətbazlara, saxta “demokratlara”  inanmaq lazım deyil. Çünki onlar ağıllı, ədalətli və rasional düşüncədən uzaqdırlar.  Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiazərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar.

Proseslərin gedişi, sosial şəbəkələrdəki iyrənc vəziyyət bir daha sübut edir ki,  Azərbaycan əleyhdarı olan bəzi xarici kəşfiyyat xidmətləri və ermənipərəst dairələr, “sapı özümüzdən olan baltalar”dan, xəyanətkar antimilli ünsürlərdən ibarət geniş bir  “nüfuz agenti” şəbəkəsi formalaşdırıblar. Satqın, avantürist, mənsəbpərəst, milli mənlik şüurundan məhrum olan belələri ölkəmizdə baş verən təbii fəlakət, fövqəladə hallar və qəzalar zamanı  qarğa-quzğun kimi sosial şəbəkələrə tökülüşərək ağalarından aldıqları sifarişlər əsasında yanlış xəbər və yorumlarla icitimai rəyi çaşdırmaqla, əhalini itaətsizliyə çağırmaqla ölkədə xaos və anarxiya yaratmaq üçün gecə-gündüz demədən, nəfəs dərmədən öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndirirlər.

Bütün bunlar bir daha təsdiq etdi ki, dağıdıcı müxalifət düşərgəsinin başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının fəalı, “Milli Şura”çı Tofiq Yaqublu, Avropanın müxtəlif ölkələrində, ABŞ-da mühacir statusu adı altında məskunlaşan Orduxan Teymurxan, Tural Sadıqlı, Emin Milli,  Məhəmməd Mirzəli, Səid Dadaşbəyli, gündə bir cildə girən Qurban Məmmədov, psixi xəstə Vidadi İsgəndərli kimilərin sosial şəbəkələrdəki antimilli şüarları, çıxışları, “moizələri” əslində bir başıpozuq dəstənin, merkantil şəbəkənin xaotik özfəaliyyəti yox, Azərbaycan əleyhdarlarının, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir proses, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Bütün bunların kökündə  isə ölkəmizin müstəqil siyasət yürütməsinə, sabitlik adası olmasına antiazərbaycan dairələrin qısqanclıqla yanaşması dayanır.

Həmişə olduğu kimi, bu dəfə də antiazərbaycan dairələrin “sapı özümüzdən olan baltalar”la birlikdə ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyası iflasa uğradı. Ölkəmizdəki güclü xalq, güclü dövlət, güclü lider vəhdəti bundan sonra da həmin məkrli dairələrin, antiazərbaycan qüvvələrin respublikamızın əleyhinə yönələn bütün cəhdlərini darmadağın edəcəkdir.

Zahid Rza, “İki sahil”