KÖŞƏ

Zahid Rza

“Ruhunu şeytana satan” virtual terroristlər

31 oktyabr 2018 22:00
4049

İyirmi birinci əsrdə bütün bəşəriyyətin dərin böhran içində çırpındığı və bu böhranın bütün sahələrdə getdikcə daha da dərinləşdiyi bir vaxtda hər bir azərbaycanlı vahid milli dövlətçilik ideyası ətrafında sıx birləşərək Azərbaycanın qüdrətlənməsinə, milli birliyimizin möhkəmlənməsinə, cəmiyyətimizin yad təsirlərdən qorunmasına sədaqətlə xidmət etməlidir.

Bütün dünyanı bürüyən maliyyə-iqtisadi böhran, eləcə də hərbi-siyasi kataklizmlər fonunda  sabitlik, əmin-amanlıq, inkişaf məkanı kimi bərqərar olan dogma Vətənimizi xaosdan, anarxiyadan, qlobal güclərin hər cür avantürasından qorumaq üçün hər bir vətəndaşımız fədakarlıq etməli, ən çətin sınaqlara sinə gərməlidir. Bir an belə unudulmamalıdır ki, düz qulağımızın dibində illərlə inandığımız, süfrəmizin başında oturtduğumuz, elə alovlarla bəzədilmiş oddan yaradılan Şeytanın özü olan ermənilər və onların  havadarları öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün hər an fürsət gözləyirlər.

Azərbaycanın güclənməsini istəməyən, onu daim tənəzzül edən, xaos, anarxiya girdabında boğulan bir ölkə kimi görmək istəyən  antiazərbaycan dairələr bütün qüvvələrini cəmləşdirərək “ənənəvi üsullar”dan istifadə edərək ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqla yanaşı, yeni məkrli planlar hazırlayıb, onları reallaşdırmaq üçün min bir oyundan çıxırlar. Onlar bu məqsədlə özünü “demokratik qüvvələr” adlandıran bir qrup marginal dəstədən-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli kimi adını azərbaycanlı qoyan məxluqlardan və onların tör-töküntülərindən məharətlə istifadə edirlər.

Avropanın müxtəlif ölkələrində “mühacir” statusu ilə  veyl-sərgərdan həyat tərzi yaşayan, xarici kəşfiyyat orqanları tərəfindən ələ alınan bəzi xəyanətkarların  himayədarlığı və maliyyəsi ilə “söyüş makinası” funksiyasını yerinə yetirərək dövlətimizi, dövlətçiliyimizi  və onların simvollarını alçaqcasına təhqir edən Qurban Məmmədov, OruduxanTeymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimi milli dönüklər, “virtual terroristlər” bu  məkrli və çirkin prosesin önündə gedərək antiazərbaycan şəbəkənin sifarişlərini yerinə yetirmək üçün ən əxlaqsız, mənəviyyatsız üsullara əl atırlar.

Əslində heç bir sosial bazası olmayan dağıdıcı müxalifət düşərgəsinin “başbilənləri” diqqətlərin respublikamızdakı seçki prosesinə fokuslandığını yaxşı bildiklərindən fürsəti fötə vermədən öz şəxsi ambisiyaları, merkantil maraqları naminə antiazərbaycan dəstənin ön cərgələrində mövqelərini möhkəmləndirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər. 

“Milli Şura” və “mühacir” adı ilə erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən başıpozuq dəstənin başlıca hədəflərindən biri respublikamızda gərginlik, xaos yaratmaqdır. AXCP sədri Əli Kərimli ilə “siyasi mühacirlər”in yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik  Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir. Heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli Şura” və radikal dindarlar formalaşdırdıqları trol dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar.

İstər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlərin respublikamıza qarşı təxribatçı, yalançı-kamufulyajlı təbliğatı həqiqətlərin qarşısında tab gətirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılıb gedir. Bəs adını azərbaycanlı qoyaraq onların dəyirmanına su tökən Vətən, millət dönüklərinin  bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar?  Bütün etik-mənəvi dəyərləri tapdalayaraq, sərhədləri aşaraq ölkəsinə, millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtan, təhqir yağdıran, millətin ziyalısını, sayılıb-seçilən insanları mənəvi və fiziki təhqirlərə məruz qoyan bu satqın “söyüş makinaları” cəmiyyətimizin böyük təpkisi və ictimai qınağına tuş olduqları üçün daha da aqressivləşiblər desək, yanılmarıq. Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətçiliyin qəsdinə duran bu “ruhunu şeytana satan” xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.