KÖŞƏ

Zahid Rza

Antimilli cəbhədə “səngər savaşı”

16 may 2018 00:55
5283

Azərbaycan əleyhdarlarının maşası olan bu marginalların  xəyanətkar əməlləri “virtual savaşda” elə özlərinin əli və dili ilə gün işığına çıxır. 

Antimilli ünsürlərin toplandığı cəbhədə “səngər savaşı” getdikcə qızışır. Avropada mühacir statusu ilə məskunlaşan, hansısa şübhəli mənbələrdən qrant alaraq “Meydan TV”si ilə,  necə deyərlər, öz Vətəninə, elinə, obasına qarşı meydan sulayan Emin Milli ilə iyirmi beş ildən artıq müddətdə antimilli fəaliyyəti ilə onu da ötüb keçən AXCP sədri Əli Kərimli, onun marionetkası olan “Milli Şura”nın sədri Cəmil Həsənli və onların “cəbhədaşları” arasında virtual savaş məlum düşərgədə ortalığı toza-dümana bürüyüb. E.Millinin dəstəsi ilə “cəbhəçilər” sosial şəbəkələrdə nəinki bir-birilərini nələrdəsə ittiham edir, hətta təhqir etməkdən belə çəkinmilər. Biz əvvəllər dəfələrlə demişdik ki, öz şəxsi mənafeyni hər şeydən üstün tutan, şəxsi ambisiyaları naminə ən ali dəyərləri ayaqlar altında tapdalayan bu marginalların maraqları toqquşanda “partlayış” baş verəcək və onlar gec-tez öz aralarında didişməyə başlayacaqlar. Belə də oldu. Milli mənlik şüurundan məhrum olan, öz maddi həvəslərini antiazərbaycan dairələrin, erməni lobbisinin təsiri və təzyiqi altında olan qüvvələrin, müxtəlif xarici xidmət orqanlarının dilənçi payı ilə təmin edən bu xainlərin, kiralık “demokratlar”ın limiti  və ya möhləti dolduğundan artıq onlar leş qarğaları kimi bir-birilərinin, necə deyərlər, gözünü oymağa başlayıblar. İstər qanunsuz yollarla, saxta sənədlərlə xarici ölkələrdə sığınacaq tapan Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Azər Kazımzadə kimilər, istərsə də sosial şəbəkələrdə, “Məhsul” satadionunda cəmləşərək ölkəmizin əleyhinə təbliğat apararaq ermənilərin dəyirmanına su tökən Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların tör-töküntülərinin qaranlıq əməlləri, daha doğrusu, zir-zibilləri elə özlərinin əli və dili ilə gün işığına çıxır. 

Son günlər antiazərbaycan dairələrin çirkli pulları ilə bəslənən bu merkantillərin arasındakı virtual söyüşmənin əsas səbəbi isə mayın 9-da ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı şou xarakterli dinləmələr olub. Həmin tədbirdə bu dəfə Emin Milli və Orduxan Teymurxan “zühur ediblər”.

Emin Milli brifinqdə sualları cavablayarkən ironiya ilə “Azərbaycanın ənənəvi müxalifəti” adlandırdığı AXCP, Müsavat və “Milli Şura”nın rəhbərləri bundan çox rəncidə olaraq köhnə dostlarından küsüblər. “Meydan TV”çinin “Müxalifətdə artıq dəyişikliklər zamanı çatıb. Başçılıq etdikləri partiyalarda şəxsiyyətə pərəstiş sistemi yaradan partiya liderləri müasir reallıqları nəzərə almalı, gənclərə yer verməlidirlər” deməsi isə onları lap cin atına mindirib.

Emin Milli isə sosial şəbəklərdə yazdığı statusda bunları danır. O deyir ki, əslində dinləmələr zamanı ABŞ Massaçuses Universitetinin tarix professoru Odri Alştadt çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marginal şəxsi” və ya “qocası” adlandırıb.

Əsl mərəkə də bundan sonra başlayıb. Belə ki, Ə.Kərimlinin “cəbhəçiləri” E.Millini Ə.Kərimlini “qoca” adlandırmaqda ittiham edərək onu təhqiretmə kampaniyasını başladıblar. E.Milli də boş durmayıb və onlara anoloji cavablar verib. Bundan başqa, bu düşərgənin köhnə simalarından olan Xədicə İsmayıl E.Millini müdafiə edib. Ə.Kərimlinin müdafiəçiləri bu dəfə də X.İsmayıla virtual hücum edərək onu qrant almaq üçün Ə.Kərimlini hədəfə almaqda ittiham ediblər. Mühacir statusu ilə Avropada yaşayan, AXCP sədri Ə.Kərimlinin yaxın çevrəsinə daxil olan Natiq Ədilov X.İsmayılın statusunun altına rəy yazıb: “Nahaq belə edirsən, Xədicə xanım. Yaxşı olar ki, özün o brifinqə baxıb bu statusu yazardın, daha Emin bəyin dedikləri əsasında yox. Demişəm də, hər gözəlin bir eybi var, Xədicə xanımın da eybi dostbazlıq etməsidir. Eybi yox, bu da onun hüququdur, tolerant yanaşmaq olar. Sadəcə, izin ver deyək ki, bu dəfə ədalətsizlik edən sənin dostlarındır”.

 Antimilli düşərgədə qarayaxma, söyüş kampaniyası getdikcə qızışır. Azərbaycanın düşmənləri tərəfindən maliyyələşdirilən və onların dirijor çubuğu ilə idarə olunan, Vətəninə, elinə, obasına, xalqına dönük çıxan bu satqınların, marginalların iç üzləri, əsl simaları getdikcə daha çox ortaya çıxır.  Hələ bu harasıdır?  Tezliklə hamımız şahid olacağıq ki, onlara sifarişləri verərək Azərbaycana şər, böhtan yolu təzyiq göstərməyə cəhd edən qüvvələr bunların bir işə yaramadığını görüb bu satqınların önlərinə atılan tula payını kəsəndə əsl qiyamət qopacaq. Özlərini xalqdan təcrid edərək, Vətənə xəyanət yolu tutaraq ruhlarını şeytana satanların aqibəti ancaq və ancaq belə olur. Çünki belələri şeytanla birlik içindədirlər, onların tanrısı yalnız iblisdir. Şeytanla ittifaqa girib Vətəninə, xalqına, doğma torpağına dönüklük edənlərin cəzası isə ağır olur. Böyük Azərbaycan filosofu Bəhmənyar deyirdi: “Elə cinayət var ki, bağışlanmır, bu, Vətənə xəyanətdir”.