KÖŞƏ

Zahid Rza

Yaldaşlar

10 aprel 2018 22:45
5372

“Demokrat” mantiyasına bürünərək antiazərbaycan dəstənin ön sıralarında  öz yerlərinini möhkəmləndirən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların  ətraflarında vurnuxanaraq yallanan yaldaşlar , Avropanın müxtəlif ölkələrində zibilxana təfəkkürü ilə hərəkət edən xəyanətkar “mühacirlər” erməni dəyirmanına su tökməkdə davam edirlər. “Roma papasından daha çox katolik olmağa” çalışan “baş cəbhəçi”nin və onun marionetkası olan C.Həsənlinin antiazərbaycan fəaliyyətlərinin hərəkət trayektoriyasına diqqət edərkən bütün bunlar tam çılpaqlığı ilə görünür.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günbəgün güclənməsi, iqtisadi tərəqqisi deyəsən, erməni lobbisi kimi Ə.Kərimlini  və onun antimmili şəbəkəsini çox qıcıqlandırır. Ona görə bu xəyanətkar dəstənin tör-töküntüləri hiss basmış qəlblərini “sərinləşdirmək” üçün var gücləri ilə sosial şəbəkələrdə  ölkəmizin əleyhinə Göbbelsvari təbliğat aparırlar.

Özlərini cəmiyyətdən təcrid etmiş dağıdıcı müxalifət düşərgəsinin “başbilənlər”indən olan  Ə.Kərimli və C.Həsənli kimi saxta “demokrat”ların erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlardan maliyyələşdiyini ictimaiyyət çoxdan bilir. Cəmiyyətimiz, həmçinin yaxşı bilir ki, bu “ştatnı demokratlar” ermənipərəstlərin beş-üç qəpik puluna şirniklənərək, onların qarşısında quyruq bulayaraq antimilli fəaliyyətlərini böyük canfəşanlıqla davam etdirirlər. Hələ də sağa-sola hədyanlar yağdırmaqla, öz ölkəsi haqqında şər-böhtan dolu donoslar hazırlayaraq ora-bura şikayət etməklə məşğul olan bu başıpozuqların belə bir fəaliyyətinin heç bir mənası yoxdur. Artıq ötən əsrin 90-cı illəri deyil ki, bu marginallar  kimisə pafoslu nitqlərlə, ləbbeyk deməklə aldatsınlar.

  AXCP sədri Ə.Kərimlinin xəyanətkar əməllərindən hamı yaxşıca xəbərdardır. Öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran bir adamdan daha nə gözləmək olar? Ə.Kərimli, C.Həsənli kimi siyasətbazlar hər fürsətdə ölkədəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa zərbə vurmağa çalışıblar. Bir neçə il bundan əvvəl “ərəb inqilabları” zamanı bu üzdəniraqlar təmsil olunduqları antimilli cəbhənin digər nümayəndələri ilə birlikdə boyunlarına narıncı əskilər sarıyaraq meydan sulamağa, aranı qarışdırmağa cəhd etdilər. Lakin cəmiyyətin etirazı ilə qarşılaşdıqlarından geri çəkilərək antiazərbaycan dairələrin növbəti işarəsini gözləsələr də, öz çirkin məqsədlərinə nail ola bilmədilər.

 Cəmiyyətimiz dağıdıcı müxalifətin məkrli niyyətini bildiyindən həmişə olduğu kimi, 2013-cü ilin prezident seçkilərində ona “yox” dedi. Təbii ki, seçkidəki rüsvayçı məğlubiyyətdən sonra bir müddət yoxa çıxanlar yenidən meydana atılıblar.  Sosial şəbəkələrdə dağıdıcı fəaliyyətlərini davam etdirən bu antimilli mikroblar ölkəmizin əleyhinə təbliğat aparmaqla xaricdəki ermənipərəst “ağalarının” könlünü alaraq onların sifarişlərini yerinə yetirmək üçün yeni metodlardan, daha doğrusu, köhnə priyomlardan istifadə etməyə başlayıblar. Bu xəyanətkarlar öz çirkin əməlləri, məkrli planları bir daha  göstərdilər ki, onların məqsədləri ölkəni qarışdırmaq, istimai-siyasi sabitliyi pozmaq, ermənipərəst dairələrin və ermənilərin sifarişlərini yerinə yetirməkdir.

Dağıdıcıların martın 10-davə 31-də təşkil etdikləri mitinqvari tədbirlər bir daha sübut etdi ki, sosial bazası və tərəfdarı olmayan bu antimilli ünsürlər yalnız və yalnız antiazərbaycan dairələrin tapşırıqlarını yerinə yetirirlər. Onların radikal dini qruplarla işbirliyi  bu marginal və dağıdıcı dəstənin başbilənlərinin təhlükəli və şübhəli əlaqələrinin qaranlıq məqamlarına bir daha diqqət etməyin vacibliyini ortaya qoydu.

Nə deyəsən, necə edəsən? Şeytan hisslərin əsiri olan Ə.Kərimli, C.Həsənli kimilərdən və onların yaldaşlarından bundan artıq nəsə gözləmək susuz Qobi səhralarından çiçək bitirməsini istəmək kimi bir şeydir.