KÖŞƏ

Zahid Rza

Dağıdıcı müxalifət antiazərbaycan şəbəkənin missioneridir

07 aprel 2018 14:01
10150

Antiazərbaycan şəbəkənin əlaltısı rolunu canla-başla oynayan dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri  absurd teatrında öz rollarını məharətlə oynamaqda davam edirlər. Bəllidir ki, nə AXCP sədri Əli Kərimlini və “Milli Şura”nın rəhbəri Cəmil Həsənlini, nə də Müsavat Partiyasının başqanı Arif Hacılını  və onların ətrafındakıları ölkənin, xalqın taleyi maraqlandırmır. Onlar ancaq şəxsi qazancları naminə, milli maraqlarımızı satmaq yolu ilə var-dövlət sahibi olmaq, cah-cəlal içərisində yaşamaq arzusundadırlar. Yalançı vədlərlə aldadıb, ətraflarına yığdıqları gəncləri isə, necə deyərlər,  bədbəxt ediblər. Bu üzdəniraqlar siyasətə yalnız qazanc mənbəyi kimi baxırlar.

Doğrudan da, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan Ə.Kərimli, C.Həsənli kimilər bu gün də öz əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Əsla və əsla buna nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi vardır.  Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran “sapı özümüzdən olan baltalar”- dağıdıcı müxalifətin başbilənləri görmək istəmirlər.

Bir müddət bundan əvvəl dağıdıcı düşərgənin “lokomotivlər”indən AXCP-də və “Milli Şura”da baş verənləri keçmiş “cəbhəçi” K.Rəhimov “stajlı cəbhəçi” kimi tam detalları ilə açıqlamışdır: “Orda 5-6 nəfər var, istəyirlər qışqır-bağır salmaqla siyasi mühacir statusu alsınlar. Məndən də bir-iki dəfə xahiş edən olub ki, bəy, kömək elə tutulum, mən siyasi mühacir olmaq istəyirəm. Bunlar arayış sata-sata siyasi mühacir yetişdirirlər. Ancaq şəxsən mən siyasi mühacir olmaq, Azərbaycanı tərk etmək fikrində deyiləm”. 

Uzun illərin təcrübəsi, hadisələrə bələdliyi, dağıdıcı düşərgədə baş verənlərin təfərrüatını bilən, “liderlər”ini sümüyünə, iliyinə qədər tanıyan keçmiş “cəbhəçi” AXCP ilə Müsavatın düşmən münasibətlərində olduqlarını da deyib: “AXCP ilə Müsavatın bir yerdə olmasını mümkün saymıram. Bizim əlimizdə kifayət qədər dəlillər var ki, bunları idarə edən orqanlar var. Hələ İctimai Palata dövründə rəhbərlik səviyyəsində onlar Müsavata qarşı nələr etmədilər?. Bu partiyanın AXCP ilə yenidən bir araya gəlməsini absurd hesab edirəm”.

 Antiazərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin iç üzü budur. Hələ bu harasıdır? Sular durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə gün işığı düşəcək.  O zaman ictimaiyyət hər şeydən əli üzülən bu dağıdıcı düşərgənin başbilənlərinin çıxardığı oyunlardan daha yaxından xəbərdar olacaq. Əslində düz iyirmi ildir ki, onlar bu işlərlə məşğuldurlar. İndi də pulla “müxalifətçi” vəsiqəsi satır, antiazərbaycan dairələrə və xarici kəşfiyyat orqanlarına “təsir agentləri hazırlayırlar. Bu gün Avropanın müxtəlif şəhərlərində antiazərbaycan dairələrin  quyruq bulayanları olan Orduxan Teymurxan, Tural Sadıqlı, Azər Kazımzadə, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimilər də məhz belələrindəndirlər. Bu vəsiqələri alan həmin xəyanətkarlar xarici ölkələrə gedib oralardakı aldadaraq “siyasi mühacir” statusu qazanmağa çalışırlar. Elə ki, yerlərini rahatladılar ermənipərəst şəbəkələrin dilənçi payı ilə respublikamıza qarşı şər-böhtan, qarayaxma piarı ilə məşğul olurlar. Milli mənlik şüurundan, vətəndaşlıq qürurundan, vətənə məhəbbət hissindən uzaq olan belələri zombiləşərək köləcəsinə öz  Vətənlərinə düşmən kəsilirlər.