KÖŞƏ

Zahid Rza

Tarixin zibbilliyinə gömüləcək vassallar

08 mart 2018 00:24
8178

Antiazərbaycan dairələrin ölkəmizdəki istinad nöqtələrindəki vassalları yenə də “fəallaşıblar”. Erməni lobbisinin təsir dairəsindəki təşkilatlardan, xarici düşmənlərimizdən tapşırıq və əmr alan bu üzdəniraqlar ölkəmizdə aprel ayında keçiriləcək prezident seçkiləri ərəfəsində öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər.

AXCP sədri Əli Kərimli, “Milli Şura”nın “rəhbəri” Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Müsavat başqanı Arif Hacılı və onlara pərçimlənmiş bəzi qüvvələr bu seçkilərdə xalqdan, cəmiyyətdən dəstək ala bilməyəcəklərini əvvəlcədən bildiklərinə görə guya “boykot” yolu tutaraq social şəbəkələrdə “demokrat” maskası altında ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyasına rəvac veriblər. Milli mənlik şüurundan uzaq, mental çürümə xəstəliyinə mübtəla olmuş bu idrakı sönük “demokratlar”ın, ölkəmizin siyasi spektrində “0” mövqeyində olan bu marginal qrupun antimilli hərəkət trayektoriyasına diqqət edərkən açıq-aşkar görünür ki, onların fəaliyyətlərinin əslində seçki ilə heç bir əlaqəsi yoxdur. Tam çılpaqlığı ilə görünür ki, onların əsl məqsədi beş-üç qəpik tula payının müqabilində xidmət etdikləri antiazərbaycan dairələrin əmr və sifarişlərini yerinə yetirmək üçün yaranmış şəraitdən maksimum dərəcədə yararlanaraq ağalarının təşəkkürünün və yallarının miqdarını artırmaqdır. Şəxsi ambisiyaları naminə bütün mənəvi dəyərləri ayaqlar altında tapdalayan bu qüvvələr antiazərbaycan dairələrlə işbirliyinə girərək fəaliyyətlərini virtual müstəviyə keçirərək ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün xaricdəki tör-töküntüləri də bu işlərə cəlb etməyə girişiblər. Bu məqsədlə xaricdə məskunlaşan Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, özünü “hüquq müdafiəçisi” adlandıran, lakin söyüş və təhqirdən başqa bir şey bilməyən Vidadi İsgəndərli, Qənimət Zahid kimi  cahil və satqın ünsürlərdən məharətlə istifadə etmələri şübhəsiz, onların xarici antiazərbaycan dairələrin diktəsi ilə hərəkət etdiklərini bir daha təsdiq edir.

“Milli Şura”nın Müsavat Partiyası ilə martın 10-na təyin etdiyi mitinq-şou təbii ki, bu qəbildən olan spekulyasiyaların növbəti epizodudur. Ölkəmizdəki əlverişli demokratik şəraitdən istifadə edən bu buyruq qullarının mitinqlərini cəmiyyətimiz həmişə rədd edib, buna görə də bu antimilli qüvvələrin mitinq-şouları həmişə fiaskoya uğrayıb. Bu dəfə də belə olacağını hiss edən bu marginal qrupun üzvləri saga-sola hədyanlar yağdırırlar. Bəs necə, ağalardan alınan pulların hesabatını vernək lazımdır axı?  Buna görə də AXCP sədri Əli Kərimlinin və onun züy tutanlarının sosial şəbəkələrdəki trolları bir neçə gündür ki, onların mitinq qərarını rədd edən REAL hərəkatını , onun “başbilənlərini” təhqir atəşinə tuturlar. Əks tərəf də onların bu hərəkətlərini cavabsız qoymurlar.  REAL-çı Natiq Cəfərli  “Facebook”da yazdığı statusda “milli şuraçılar”ın bu hərəkətini səviyyəsizlik adlandıraraq, onların sivil, normal müzakirəyə hazır olmadıqlarını belə ifadə edir: “...Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks fikir səsləndirənlər sizin üçün həmən “satqın”, sosial şəbəkələrdə sizə səs verməyənlər isə həmən “trol” olur. Dəhşətli, məmləkət üçün faciəvi düşüncə tərzidir və sizləri daha çox marginalaşdırır, dar bir qrupa çevirir”.

Şübhəsiz, antiazərbaycan şəbəkənin maşaları, quyruqbulayanları, yallananları bütün bunlarla heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq Azərbaycan əleyhdarlarının, erməni lobbisinin mənafelərinə xidmət edən həmin dağıdıcı ünsürlər bu dəfə də iflasa uğrayacaq və tarixin zibilliyində gömüləcəklər.