KÖŞƏ

Zahid Rza

Siyasi ifliclər

16 fevral 2018 13:57
6582

Ermənipərəst qüvvələrin maliyyəsi ilə yemlənən, onların çirkli pulları ilə səhər-axşam Azərbaycan əleyhinə zingildəşənlər “demokrat” mantiyasına bürünüb, müxalifət maskası taxıb  yenə sosial şəbəkələrdə “meydan sulayırlar”. Antiazərbaycan qüvvələrin kuklasına çevrilən, onların beş-üç qəpik tula payına görə Vətəni, xalqı hər an satmağa hazır olan bu marginalların hədəfi yenə ölkəmizdir. Erməni lobbisinin inhisarında olan bəzi xarici təşkilatların direktivləri ilə hərəkət edən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın  sədri Cəmil Həsənli, Müsavatın “lideri” (90-cı illərdən üzü bu tərəfə müsavatçılığa ən ağır zərbələri vuran) İsa Qəmbər və onların tör-töküntüləri  əvvəllər olduğu kimi, bu gün də aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində xaricdəki ağalarının gözünə girmək üçün çörəyini yeyib, havasını udduqları Azərbaycanın əleyhinə Gebbelsvari təbliğat kampaniyasının dozasını bir qədər də artırıblar. Təbii ki, bütün bunlar gözlənilən idi. Çünki hər zaman Azərbaycanda keçirilən seçkilər, beynəlxalq yarışlar ərəfəsində bu üzdəniraq zümrə dəlicəsinə fəallaşaraq ölkəmizin əleyhinə müxtəlif “janrlarda” çirkin kampaniyalar başladırlar.

Bu marionetkalar son illərdə respublikamızdakı inkişafı, onun beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu  görməzlikdən gəlirlər, daha doğrusu görmək istəmirlər.

Belələri barədə müqəddəs Qurani-Kərimin  Ərəf surəsinin 179-cu ayəsində deyilir ki, And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, fəqət onunla gerçəyi anlamazlar, qulaqları vardır, ancaq onlarla eşitməzlər, gözləri vardır, fəqət onlarla görməzlər. Bax bunlar heyvan kimidirlər, hətta daha aşağıdırlar. Bunlar əsl qafillərdir. Belələri barədə bir təsfirdə deyilirdi ki, AllahTəala əzəldən bilirdi ki, bunlar gələcəkdə iradə və hürrüyyət sahibi olduqları zaman təəhhütlərini yerinə gətirməyəcəklər və vəzifələrini yerinə yetirməyəcəklər, fitrətlərindəki əmanəti, mərifəti və digər güclərini haqq yolunda işlətməyəcəklər: “Alçaqlığa saplanıb qalacaqlar və həvəslərinə uyacaqlardır”. Bax o zaman Allah, onların qəlblərini və ruhsal mələklərini möhürləyəcək, haqqı duymaq qabiliyyətləri qapanacaq, bundan sonra onlara elə bir yaradılış və xasiyyət veriləcək ki, artıq onlar sırf cəhənnəmlik olacaqlar.

Doğrudan da, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan İ. Qəmbər, Ə.Kərimli, C.Həsənli kimilər bu gün də öz əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Əsla və əsla buna nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi vardır.  Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran “sapı özümüzdən olan baltalar”- dağıdıcı müxalifət başbilənləri görmək istəmirlər. Seçki ərəfəsində və seçkidən sonra ölkədə qarışıqlıq yaratmaq, Azərbaycanın demokratik imicinə zərbə vurmaq onun düşmənləri ilə bir cərgədə yer tutmaq kimi bir şeydir. Bu, hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin, o cümlədən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

Onlar-uğursuz, odioz tiplər, Azərbaycan əleyhdarlarının  vitrinə çıxardıqları savadsızlar sanki dünyada, eləcə də regionda  nələrin baş verdiyindən xəbərsizdirlər. Od içində yanan Yaxın Şərqdə, Avropada, eləcə də Şimal hüdudlarımızda olub bitənlər ya onların kortlaşmış beyinlərinə təsir etmir, ya da ki bu gerizəkalılarda hissiyyat tamamilə ölüb.  Allah göstərməsin ki, Ə.Kərimli, İ.Qəmbər və onların tör-töküntüləri, erməni lobbisinin çirkli pulları ilə Avropanın müxtəlif ölkələrində yallanıb, öz Vətənlərinə qarşı alçaq qarayaxma kampaniyası aparan düşüklər bir də 90-cı illərdə olduğu kimi başa çıxsınlar, imtiyaz, idarəçilik sahibi olsunlar. Onda Azərbaycan bu gün cəhənnəm atəşləri ilə qovrulan İraqın, Suriyanın, Liviyanın gününə düşər. Bax, bu üzdəniraqların da əsl məqsədi elə budur. Ancaq xalqımız, ağı qaradan seçən cəmiyyətimiz buna heç zaman imkan verməyəcək. Bunu yaxşı başa düşən antimilli ünsürlər buna görə də uzunmüddətli depressiyaya düşərək getdikcə daha da quduzlaşırlar.  Bu isə çox pis bir haldır. Çünki quduzluğun paralitik forması çox müşahidə edilməklə gövdə üzərində əsasən ifliclər üstünlük təşkil edir. Həm də siyasi ifliclik...