KÖŞƏ

Zahid Rza

“Human Rights Watch” erməni lobbisinin maşasıdır

22 noyabr 2016 14:32
1518

Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində çox böyük nailiyyətlər əldə edən Azərbaycan artıq regionun lider dövlətinə çevrilib.  İnsan hüquq və azadlıqlarının müdafiəsinin, mətbuat, söz, fikir azadlıqlarının təmin olunması istiqamətində intensiv islahatlar həyata keçirilir, bu istiqamətdə qanunvericilik bazası daim təkmilləşdirilir, onların səmərəliliyinin artırılması üçün mühüm tədbirlər görülür.

Bütün bunlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə müsbət qiymətləndirilib.  Həmçinin Azərbaycanın bəzi beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqliyi də xüsusi vurğulanıb.

Təbii ki, bütün bunlar antiazərbaycan dairələri və erməni lobbisini narahat edir, necə deyərlər, onların yuxusunu ərşə çəkir.  Zaman-zaman fəallaşaraq respublikamıza qarşı “qara piar” kampaniyası aparan  xarici antiazərbaycan dairələr və  antimilli ünsürlər  respublikamız haqqında mənfi ictimai rəy formalaşdırmağa cəhd göstərərək heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiya yaymağa çalışsalar da, onların bu əsassız iddiaları, məkrli əməlləri, çirkin oyunları konkret faktlarla ifşa edilir. Bu üzdəniraq antiazərbaycan beynəlxalq şəbəkə  erməni lobbisindən aldığı qrantlar və sifarişlər əsasında yenidən ölkəmizə qarşı revanş götürüb. Antiazərbaycan dairələrin əlində alətə çevrilən bəzi xarici beynəlxalq təşkilatlar bütün bunları görməzlikdən gələrək öz qərəzli mövqelərindən əl çəkməyərək zaman-zaman ölkəmizə  qarşı qara piar  kampaniyası aparırlar. Onların hesabatlarını və ya məqalələrini oxuyanda adama elə gəlir ki, bütün bu materiallar ölkəmizdəki dağıdıcı müxalifət partiyalarının və antiazərbaycan dairələrin “beşinci kolon”u olan bəzi QHT-lərin ofislərində hazırlanıb. Milli mənlik şüurundan vətən, xalq təəssübündən məhrum olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, onların “dəm tutanlar”ından Gültəkin Hacıbəyli, Eldəniz Quliyev kimiləri  xaricdən aldıqları qrantlar hesabına hazırladıqları donosları “Fredoom House” “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatlara, eləcə də erməni lobbisinin təsiri altında olan mətbuat orqanlarına yollayırlar. 

Bir müddət əvvəl “Human Rights Watch”un Azərbaycanla bağlı hesabatı da bunun əyani sübutudur. Hesabatda qeyd olunan  jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, bloqgerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. ilə bağlı fikirlər subyektiv mülahizələr olmaqla yanaşı, həm də Ə.Kərimlinin və onun tör-töküntülərinin qrantların müqabilində antiazərbaycan dairələrə ötürdükləri cəfəngiyatdan başqa bir şey deyil. Əslində  bu antiazərbaycan hesabat bəzi Qərb  dairələrindən maliyyələşən qeyri-obyektiv QHT-lərin yalan və böhtan xarakterli məlumatları əsasında tərtib olunub və bu məlumatların Azərbaycanın bugünkü reallıqları ilə heç bir əlaqəsi yoxdur.

Bu kampaniyanın arxasında Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyan erməni lobbisi və bəzi antiazərbaycan dairələr dayanırlar. Bütün bu iftiralar, şantaj xarakterli “hesabatlar” gec-tez bumeranq effekti verərək elə həmin dairələrin özlərinin əleyhinə işləyəcək.