KÖŞƏ

Zahid Rza

Bitməyən savaş

06 dekabr 2016 14:33
1540

Birillik hakimiyyətləri zamanı ölkəni uçuruma yuvarladıb, müstəqilliyimizi təhlükə altına atan dağıdıcı müxalifət düşərgəsinin lokomotivlərindən olan AXCP və Müsavat arasında gedən “soyuq savaş” gündən-günə qızışır. AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında hələ 1993-cü ildən başlayan bu savaşın təməlində əslində şəxsi mənafelərin hər şeydən üstün tutulması, hakimiyyət ehtirası və xəyanət durur. Xarici ermənipərəst dairələrin əlində oyuncağa çevrilən, onların məkrli tapşırıqlarını can-başla həyata keçirən bu başıpozuq dəstədəkilər sağa-sola hədyanlar yağdırmaqla, şər-böhtan atmaqla gündəmdə qalmağa çalışsalar da, heç nəyə nail ola bilmirlər. O üzdən də bir-birilərini hədəfə almaqla, biri digərinin xəyanətini açmaqla məşğul olanlar gündən-günə batırlar. Nədən ki, bataqlığın ta ortasındadırlar.

Müsavatla AXCP arasında münasibətlər hələ 1992-ci ildən gərgin olub. Burada əsas iddia Xalq Cəbhəsində toplaşan “Yurd” və digər qrupları Elçibəy başda olmaqla, hakimiyyətdən uzaqlaşdırmaq və Müsavat Partiyasının özünün hakimiyyətə gəlməsindən ibarət idi. Hətta həmin dövrdə İsa Qəmbər bir ay müddətinə prezident səlahiyyətlərini həyata keçirdi və faktiki olaraq öz tərəfdarlarını həm rayon icra hakimiyyətlərinin başçısı, həm də ayrı-ayrı vəzifələrə təyin etməklə məşğul oldu.

1998-ci il prezident seçkilərində Müsavat Partiyası Əbülfəz Elçibəyi vahid namizəd kimi qəbul etmədi. AXCP ilə Müsavat arasında heç vaxt səmimi, normal münasibətlər olmayıb, ancaq didişmələr olub. Bu da onu göstərir ki, bunların hər birinin şəxsi marağı var. Əgər bunlar özlərinin dediyi kimi, guya ümumxalq maraqları uğrunda mübarizə aparmalı olsaydılar, onda gərək bir yerdə olaydılar. Son zamanlar sosial şəbəkələrdəki “statuslar”la  bir-birilərinin əleyhinə kifayət qədər  kompromat səsləndirərək  amansız mübarizə aparırlar.

Bir müddət bundan əvvəl AXCP Ali Məclisinin sədri, Əli Kərimlinin “silahdaşlar”ından olan Nurəddin Məmmədli ilə  Müsavat Partiyasının əsas ruporu olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun qardaşı, həmin qəzetin redaktoru  Azər Ayxan arasındakı rüsvayçı “deyişmə” bunun bariz nümunəsidir. A.Ayxan “Facebook” səhifəsində yazırdı: “AXCP sədrinin müavini  Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur. Nurəddin Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxanın  birisidir. 2003-cü ildə Sərdar Cəlaloğlu türmədə ola-ola Nurəddin Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən AXCP-yə gəldi. Bunun da bircə səbəbi var idi: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasət muzduru da ilk fürsətdəcə aradan çıxdı... Sabah Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bu adama heç AXCP-də də hörmət qoymurlar. Kim kefini durultmaq istəsə, onu ələ salıb əylənir”.

Bütün bunlar göstərir ki, AXCP və Müsavat arasında gedən savaş heç zaman bitməyəcək. Bu savaş sosial şəbəkələrdə gündən-günə güclənir. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq.