KÖŞƏ

Zahid Rza

Xroniki xəyanətkarlıq sindromu

07 dekabr 2016 14:33
1128

Demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında,  inkişaf etməsində mühüm nailiyyətlər qazanılıb, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir, söz, vicdan, sərbəst toplaşma azadlığı tam təmin edilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Son illərdə  ölkəmizdə aparılan siyasi və iqtisadi islahatlar nüfuzlu beynəlxalq  təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, dünya birliyində respublikamızın nüfuzu gündən-günə artır.

Təbii ki, bütün bunlar antiazərbaycan dairələri və erməni lobbisini narahat edir, necə deyərlər, onların yuxusunu ərşə çəkir.  Zaman-zaman fəallaşaraq respublikamıza qarşı “qara piar” kampaniyası aparan  xarici antiazərbaycan dairələr və onların ölkəmizdəki “5-ci kolon”u respublikamız haqqında mənfi ictimai rəy formalaşdırmağa cəhd göstərərək heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiya yaymağa çalışsalar da, onların bu əsassız iddiaları, məkrli əməlləri, çirkin oyunları konkret faktlarla ifşa edilir. Bu üzdəniraq antiazərbaycan şəbəkə  erməni lobbisindən aldığı qrantlar və sifarişlər əsasında yenidən ölkəmizə qarşı revanş götürüb. Artıq beynəlxalq aləmdə də qərəzli, pullu sifarişləri yerinə yetirən təşkilatlar kimi tanınan həmin qüvvələrin təmsil olunduqları qurumların  tamamilə qərəzli, qeyri-obyektiv, reallıqdan uzaq mətni ilə tanış olarkən dərhal bilinir ki, o AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin və onların tör-töküntülərinin donosları əsasında hazırlanmış dedi-qodudan başqa bir şey deyildir. “Human Rights Watch”, “Article-19”,  “Freedom House” kimi qurumların son zamanlar ölkəmizlə bağlı “hesabat”larına, “açıqlamlar”ına diqqət etdikdə bu antiazərbaycan fəaliyyətlərin arxasında nələrin və kimlərin dayandığını açıq-aşkar ortaya qoyaraq bəzi qaranlıq mətləblərə işıq salır. Erməni lobbisi tərəfindən maliyyələşdirilən və təşkil olunan antiazərbaycan kampaniyaları ölkəmizə şər, böhtan və iftiralar yağdırmaqda davam edir. Şübhəsiz ki, respublikamızın güclənməsi, dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən müstəqil xarici siyasətimizin verdiyi uğurlu nəticələr Azərbaycana düşmən kəsilən qüvvələri getdikcə daha da narahat etməkdə, dövlətimizə qarşı hücumları intensivləşdirməkdədir. Antiazərbaycan dairələrin, erməni lobbisinin maliyyələşdirdiyi bir sıra QHT-lərin və müəyyən siyasi qüvvələrin həqiqətdən uzaq, böhtan dolu dosyeləri əsasında antiazərbaycan ruhlu belə bir müraciətə oradakı bəzi təşkilatların imza atması  onların özlərinin elan etdikləri prinsip və dəyərlərə ziddir.

Şübhəsiz ki, belə üzdəniraq dairələrin və antimilli ünsürlərin ölkəmizin əleyhinə təbliğat aparmaları Azərbaycanın beynəlxalq aləmdə gündən-günə güclənən nüfuzuna qara yaxmaq məqsədi daşıyır. Ancaq onlar unudurlar ki, bu çirkin işlərinin heç bir nəticəsi olmayacaqdır. Çünki cəmiyyətimiz də, beynəlxalq ictmaiyyət də artıq ağı qaradan  seçməyi  yaxşı bacarır. Ona görə  də erməni lobbisinin və antiazərbaycan dairələrin ölkəmizə qarşı çirkin fəaliyyəti gec-tez iflasa uğrayacaq.