KÖŞƏ

Zahid Rza

Populizm, “tənqid naminə tənqid” ADP-çilərin köhnə şakəridir

20 dekabr 2016 22:38
1621

Bugünlərdə özünü müxalifət adlandıran düşərgənin “cırdancıqlarından” olan ADP İdarə Heyətinin toplantısı olub. Təşkilatdan mətbuata verilən məlumata görə, həmin toplantıda  “ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər müzakirə olunub”. Şübhəsiz ki, söz, mətbuat, fikir və sərbəst toplaşma azadlığının bərqərar olduğu demokratik cəmiyyətlərdə nəyisə müzakirə etmək, nəyəsə münasibət bildirmək, kimlərisə tənqid etmək  hər bir istimai qurumun, siyasi təşkilatın daxili işidir. Kimsə bunu onlara qadağan edə bilməz. Ancaq o da var ki, belə “müzakirələr” o zaman effektli ola bilər ki, tənqid ədalətli, elmi, əxlaqi və hüquqi olsun, halal-harama qarışmasın, yalanın biri bir qəpik olmasın.

Çox təəssüf ki, ADP-nin həmin tədbirində bu şərtlərə əməl olunmayıb. Partiyanın İdarə Heyətinin iclasının mayasında, qərəzlilik, nüvəsində qeyri-obyektivlik, ədalətsiz mühakimələr dayanıb. “Demokratlar”ın bir neçə gün bundan əvvəl Xəzər dənizində baş verən dəhşətli fırtına nəticəsində həlak olan neftçilərimizlə bağlı əsassız iddiaları isə yalanın, böhtanın və riyakarlığın pik nöqtəsinə çatıb.  Əslində ADP-çilərin  ölkəmizin iqtisadi vəziyyəti ilə bağlı həmin toplantıdakı “təhlilləti” isə onların “lider”lərinin kəşf etdiyi ağıldanbəla “nəzəriyyələri”in maddələri ilə lap üst-üstə düşür. Yəqin ki, ADP İdarə Heyətinin üzvləri arasında ixtisasca iqtisadçı olanlar da var. Belə isə nədən onlar ADP-nin sədri Sərdar Cəlaloğluya və idarə heyətinin digər üzvlərinə izah etməyiblər ki, vergilər naziri Fazil Məmmədov parlamentdə vergilərin artırılması ilə bağlı heç bir təşəbbüslə çıxış etməyib, ölkədə hansısa “paralel vergi siyasəti”nin aparılması isə cəfəngiyyatdan başqa bir şey deyil. Vergilər naziri F.Məmmədov Milli Məclisin plenar iclasında açıq-aşkar, özü də azərbaycanca dedi ki, bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik bu işçilərin vergiyə cəlb edilməsi üçün deyil”.  O, həmçinin  bəzi məsələlərə çox obyektiv münasibət sərgiləyərək, heç bir konyukturaya uymadan  qeyd edib ki, bu gün nə Dövlət Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən ölkədə işsizliyin səviyyəsinin dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil.  Doğrudan da əgər əhalinin bir hissəsi evlərdə işləyirsə,  deməli, bu şəxsləri işə götürən də var. Bundan başqa, kimsə bağında bağban saxlayır. Deməli, o şəxsin sosial vəziyyəti yaxşıdır. Əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa, bu dəyişiklik işçinin uçotunu aparmağa imkan verəcək: “Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 tibb işçisi gətizdirib, xəstələrinə xidmət etdirir. Nə üçün onlar vergi ödəməməlidir?  Burada heç bir sosial təbəqədən danışmaq mümkün deyil. Burada söhbət sosial təbəqədən getmir, işəgötürən tərəfindən ödəmələrdən gedir”.

Vergi Məcəlləsinə ediləcək dəyişikliklər burada çox sadə dillə izah olunur. Burada anlaşılmaz nə var ki? Əgər bu “demokratlar” orada deyilənləri başa düşməyiblərsə, bir-iki ekspertdən-zaddan çağırıb onlardan öyrənə bilərlər. Yaxşı olar ki, ADP-çilər də təmsil olunduqları düşərgədəki “əqidədaşları” kimi müxalifətçiliyin fəlsəfəsini dərindən dərk edələr, qərəzdən, qeyri-obyektivlikdən əl çəkələr, sağlam düşüncə, təfəkkür ilə səmərəli təkliflər irəli sürələr,  necə deyərlər, hər şeyə yersiz “qulp” qoymaq əvəzinə əməlli-başlı işlərlə məşğul olalar.