KÖŞƏ

Zahid Rza

Antiazərbaycan tezislərin çirkin mənbəyi

21 dekabr 2016 23:38
4842

AXCP sədri Əli Kərimli və  “Milli Şura” sədri Cəmil Həsənli kimi saxta “demokrat”ların antiazərbaycan dairələrin və erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatların sifarişi ilə fəaliyyət göstərdikləri dəfələrlə sübut olunub. Cəmiyyətimiz, həmçinin yaxşı bilir ki, bu “ştatnı demokratlar” ermənipərəst şəbəkələrin beş-üç qəpik puluna şirniklənərək bu gün də antimilli fəaliyyətlərini böyük canfəşanlıqla davam etdirirlər. Ə.Kərimli-C.Həsənli cütlüyü bundan əvvəllər də ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin, seçkilərin keçirildiyi zamanlarda belə “mitinq-şoular” təşkil etsələr də, fiaskoya uğrayıblar. Cəmiyyətimiz onların belə mitinq-tamaşalarına heç zaman reaksiya verməyib.  Yalnız beş-üç nəfər əlaltılarının iştirakı ilə hay-küy salıb meydanlardan rüsvayçılıqla ayrılan dağıdıcı müxalifət “başbilənlər”inin yenə də mitinq həvəsinə düşmələri əlbəttə ki, gülüncdür.

Elə götürək “Milli Şura”nın “Məhsul” stadionundakı əvvəlki mitinqlərini, əlbəttə ki, onlara mitinq demək mümkünsə. Mitinqdən bir neçə gün əvvəl Ə.Kərimli sosial şəbəkələrdə və inhisarında olan “Azadlıq” qəzetində yazırdı ki, bu mitinqlərdə minlərlə insan iştirak edəcək. Ancaq həmin şənbə mitinqinə Əli Kərimli, onun hazırda həbsdə olan müavini Fuad Qəhrəmanlı, Cəmil Həsənli “troyka”sından başqa, pul-para ilə ələ alınmış beş-on nəfərin qatılması AXCP sədrinin saxtakarlığını, qeyri-səmimiliyini bir daha təsdiq etdi. Sosial bazanın yoxluğu ölkəmizdəki dağıdıcı, pozucu müxalifət “lider”lərini həmişə müxtəlif fırıldaqlara əl atmağa, yalançı şüarlarla mitinqlərə “tərəfdar” toplamağa vadar edir. Məhz əvvəllər də AXCP sədri Ə.Kərimlinin və F.Qəhrəmanlının məlum mitinq-şoulardan qabaq dindarlara müraciət edərək “Məhsul” stadionuna çağırışları da məhz bundan irəli gəlirdi. Öz ağalarından aldığı pulların müqabilində “Məhsul”dakı mitinqlərə tərəfdar toplaya bilməyən F.Qəhrəmanlı dindarlara müraciətində deyirdi ki, kim mitinqə gəlməsə günaha batacaq.

Əslində antiazərbaycan dairələrlə, erməni lobbisi ilə işbirliyində olan Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli kimilərin və onların marginal dəstələrinin əsas məqsədi referendum ərəfəsində şəxsi ambisiyaları naminə milli maraqlarımızla alver etmək, beynəlxalq aləmdə müstəqil siyəsətimizi gözdən salmaq, demokratik dəyərlərlə möhkəmlənən qanunverici bazanın mükəmməlliyinə şübhə yaratmaq, tərəqqinin əsas təminatı olan ictimai-siyasi sabitliyi pozmaq, milli dövlətçiliyimizə zərbə vurmaqdır. Sirr deyil ki, Ə.Kərimli-C.Həsənli cütlüyünün müxtəlif zamanlarda ölkəmizə qarşı nifrət, kin-küdurət, şər-böhtan dolu çıxışları, səsləndirilən şüarlar  antiazərbaycan dairələrdən aldıqları sifarişlərdən çıxarılan tezislərdir. Cəmiyyətimiz bunu yaxşı bildiyindən bu cütlüyü və onların ətrafındakı tör-töküntülərin xəyanətkar əməllərini lənətləyir.