KÖŞƏ

Zahid Rza

AXCP və “Milli Şura”nın dini radikallarla işbirliyi ifşa olunur

26 dekabr 2016 22:28
2684

Antiazərbaycan dairələrlə, erməni lobbisi ilə işbirliyində olan Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli kimilərin və onların marginal dəstələrinin əsas məqsədi şəxsi ambisiyaları naminə milli maraqlarımızla alver etmək, beynəlxalq aləmdə müstəqil siyəsətimizi gözdən salmaq, demokratik dəyərlərlə möhkəmlənən qanunverici bazanın mükəmməlliyinə şübhə yaratmaq, tərəqqinin əsas təminatı olan ictimai-siyasi sabitliyi pozmaq, milli dövlətçiliyimizə zərbə vurmaqdır. Sirr deyil ki, Ə.Kərimli-C.Həsənli cütlüyünün müxtəlif zamanlarda ölkəmizə qarşı nifrət, kin-küdurət, şər-böhtan dolu çıxışları, səsləndirilən şüarlar  antiazərbaycan dairələrdən aldıqları sifarişlərdən çıxarılan tezislərdir. Cəmiyyətimiz bunu yaxşı bildiyindən bu antimilliləri və onların ətrafındakı tör-töküntülərin xəyanətkar əməllərini lənətləyir.

AXCP və onun yedəyi olan “Milli Şura” adlanan qurumun 1 il əvvəl Nardaranda dövlət çevrilişinə cəhd etmiş bir qrup dini radikalla iş birliyinin yeni detalları ifşa olunmaqdadır. Nardaran hadisələri ilə bağlı məhkəmə prosesində dünyəvi, konstitusion quruluşun silahlı üsyan yolu ilə dəyişdirilməsi cəhdi üzrə faktların sübuta yetirilməsi, ölkə ictimai rəyinin baş verənlərə obyektiv reaksiyası  həmin hadisələrdə maraqlı olan xarici dairələri yenidən hərəkətə keçməyə sövq etmişdir. AXCP və “Milli Şura”  aldıqları sifarişə uyğun olaraq Azərbaycanın ədliyyə, təhlükəsizlik və daxili işlər sistemlərini mühakimə etmək, məhkəmə hakimiyyətini gözdən salmaq kampaniyasına başlamışdır. “Milli Şura”nın  Azərbaycan ictimaiyyəti və beynəlxalq birliyə müraciəti məhz bu kampaniyanın tərkib hissəsidir. Belə ki, “Milli Şura”nın bu müraciətindən əvvəl antiazərbaycan qüvvələrin  G. Lomsadze, R.Vinsent kimi nümayəndələri fəallaşmış, silahlı üsyan cəhdinin “əsas qəhrəmanları” Tale Bağırov və Abbas Hüseynov isə məhkəməyə qarşı misli görülməmiş tərbiyəsizliyə yol verərək prosesi pozmağa cəhd etmişlər. Məhkəməni pozmaq məqsədilə əvvəlcədən xüsusi “vəkillər” komandası da seçilmişdir. Baş verənlər bir daha təsdiq edir ki, AXCP və “Milli Şura” öz hakimiyyət ambisiyalarını istənilən qüvvənin köməyi ilə reallaşdırmağa hazırdır. Təsadüfi deyil ki, Nardaran hadisələri vaxtı AXCP və “Milli Şura”nın rəhbərliyi xüsusi canfəşanlıq edir, sosial şəbəkələrdə radikal çıxışları dəstəkləyir, teokratik rejim qurulması çağırışlarının “demokratiyaya zidd olmadığı” haqda ağlasığmaz tezislər ortaya atırdılar. Bu il təşkil edilmiş mitinqlər bir daha göstərdi ki, faktiki olaraq dünyəvi-demokratik  inkişaf tərəfdarı olan elektorat arasında öz sosial dayağı olmayan AXCP öz aksiyalarına əsasən radikal dindarları, ekstremist ünsürləri, xarici dairələrin emissarlarını cəlb etmiş, destruktiv fəaliyyətini   Azərbaycanda teokratiya qurulmasını  tələb edən xarici media resursları vasitəsilə həyata keçirmişdir.

Azərbaycan hüquqi, demokratik dövlətdir, ölkədə bütün məsələlər qanunlar əsasında tənzimlənir. Məhkəmə prosesləri qanunun aliliyi prinsipi ilə aparılır. Erməni lobbisindən və antiazərbaycan dairələrdən alınmış tapşırıqlara uyğun olaraq ölkəmiz əleyhinə təşkil edilən bütün kampaniyalar fiaskoya uğrayacaq.