KÖŞƏ

Zahid Rza

27 yanvar 2017 22:34
1638

“Made in Azerbaijan”ın təşviqində yeni mərhələ

Postneft dövrü və yeni çağırışlar dönəmində Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi inkişaf strategiyasının əsas hədəfi qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın  şaxələndirilməsi, ölkəmizin ixrac imkanlarının daha da genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin daha da yüksəldilməsidir. Ölkə başçısının yerli məhsulların xarici bazarlara çıxarılması ilə bağlı xüsusi tapşırıqları,  həyata keçirdiyi tədbirlər, Fərman və Sərəncamları  ölkəmizə xarici valyutanın daxil olmasını, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasını təmin edəcək. İstehsal olunan və valyuta gətirəcək məhsulların xarici bazarlara çıxarılması mərhələli şəkildə respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, eləcə də qeyri-neft sektorunun daha da inkişafına səbəb olacaq. Artıq ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması, ilkin olaraq ixrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı əsaslı prosedurlar müəyyənləşdirilir, bu istiqamətdə dünya təcrübəsindən geniş istifadə edilir.

Prezident İlham Əliyevin bugünlərdə respublikamızın iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə imzaladığı “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fərmana əsasən, ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görəcək.

Qeyd edək ki,  rəqabətqabiliyyətli Azərbaycan məhsullarının ixracını təşviq etmək üçün ticarət evlərinin açılması da bu istiqmətdə atılan addımların tərkib hissəsidir.  İqtisadiyyat Nazirliyinin rəsmilərinin açıqlamalarından aydın olur ki, ilk olaraq Belarusda ticarət evinin yaradılması ilə bağlı aparılan işlərin ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur. Belə ticarət evi Ukraynada da yaradılacaq. Azərbaycan məhsullarının ixracını təşviq etmək məqsədilə Rusiya və digər ölkələrdə də ticarət nümayəndələrinin təyin edilməsi nəzərdə tutulur. Bir müddət bundan əvvəl  iqtisadiyyat naziri Şahin Mustafayev mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri və Çində də ticarət nümayəndələri təyin etmək niyyətindədir.

Göründüyü kimi, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər, sahibkarlar, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən güzəştlər, müasir infrastruktur, gömrük prosedurlarının sadələşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı daşıma proseslərinin asanlaşdılması istiqamətində görülən işlər, ixrac üçün lazım olan sənədlərin rəsmiləşdirmə prosedurlarının sadələşdirilməsi ölkəmizin ixrac potensialını artırmağa geniş imkanlar açacaq. Təbii ki, ixracın stimullaşdırılması kənd təsərrüfatı məhsullarının istehsalının artmasına səbəb olacaq, həmçinin daxili bazardakı qiymət artımını, idxaldan asılılığı aradan qaldıracaq, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə şərait yaradacaq.