KÖŞƏ

Zahid Rza

Ermənilər təşviş içində

01 fevral 2017 15:54
1548

“Bəs sabah Azərbaycan əsgəri İrəvana girsə, nə edəcəyik?”

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərində şanlı qələbə qazanması  xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Bir neçə gün əvvəl dövlətimizin rəhbəri İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdığı halda, Ermənistanda dərin təşvişə səbəb olub. Vahiməyə düşən ermənilər artıq açıq şəkildə Serj Sarkisyanı və onun cinayətkar rejimini xalqı aldatmaqda ittiham edirlər. Son günlərdə sosial şəbəkələrdəki şərhlərdən aydın olur ki, cəmiyyət Ermənistandakı dözülməz vəziyyətdən, Dağlıq Qarabağ münaqişəsinin həllinin acı bağırsaq kimi uzanmasından kifayət qədər narazıdır. Onlar bütün bunlara görə öz prezidentlərini və onun korrupsioner komandasını günahlandırırlar.

Məsələn, Edvard Şahnazaryan adlı “Facebook” istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın hakimiyyətə inamı tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: “İlham Əliyev bir kəndin bərpası üçün xüsusi Sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Serj Sarkisyan, Ermənistan üçün nə etmisən? Xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxın, övladlarınızın boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”.

Karen Mkrtçyan adlı “Facebook” istifadəçisi də “Nə vaxta qədər belə davam edəcək? Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya” başlıqlı statusunda Sarkisyan rejimini qeyri-peşəkarlıqda ittiham edir.

Daha bir sosial şəbəkə istifadəçisi Arut Xaçatryan isə “Twitter”də bu məzmunda bir paylaşım edib: “Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Serj Sarkisyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqlarını geri qaytarır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir. S.Sarkisyan Ermənistanı məhvə aparır”.

Henrix Aşotyan adlı Ermənistan vətəndaşı “Facebook”da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bağlı paylaşılan statusa belə bir şərh yazıb: “Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sarkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalayır. Belə davam etsə, Stepanakert (Xankəndi - red.), Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir”.

Digər şəbəkə istifadəçisi Robert Şaqinyan adlı erməni “Twitter”də yazıb: “Ötən il azərbaycanlıların aprel hücumundan sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serj nə edir?”

  Tanınmış erməni yazarı Liza Caqaryanın “Mən isə qorxuram” başlıqlı məqaləsi bəziləri tərəfindən tənqid edilsə də, böyük əksəriyyət tərəfindən rəğbətlə qarşılanıb.

L.Caqaryan boş və mənasız ideyalar uğrunda, özgə torpaqlarında məhv olan gənclərlə yanaşı, bu sərsəm ideologiyanın məhv etdiyi erməni xalqının da gələcəyindən narahat olduğunu bildirir: “Bəli, mənim çox vətənpərvər həmvətənlərim, mən qorxuram! Hər səhər, gözümü açarkən ilk hissiyyatım sərhəddə yenə də qurbanların olub-olmaması sualı qarşısında qorxu olur. Əlimə düşən ilk KİV-i vərəqləyərkən, sərhəddəki vəziyyəti öyrənməyə çalışarkən əllərim əsir, ürəyim bərkdən döyünür, elə bərkdən ki, sanki partlayacaq. Bu qorxu aprel günlərindən sonra məndə ikiqat-üçqat artıb - o zaman biz yüzdən çox qurban və ərazilər verdik və yaddaşım məni aldatmırsa, həmin torpaqlar geri qaytarılmadı və heç kimin belə bir niyyəti də yoxdur. Mən qorxuram, çünki həmin qurbanlara görə heç kim məsuliyyət daşımadı. Baxmayaraq ki, çoxlu sayda əsaslı irad vardı ki, biz bunları verməyə də bilərdik. Əgər ki, “regionun ən qüdrətli ordusu”nda oğurluq halları bu cür çiçəklənməsəydi, yüksək rütbəli hərbçilərin qarınları bu qədər şübhəli şəkildə böyük olmasaydı və əsgərlərimizin sərhəddə həyəcan siqnalı vermək üçün istifadə etdikləri alət asılmış boş konserv qutuları olmasaydı”.

Karine Baqratyan adlı biri isə “VKontakte” sosial şəbəkəsində Ermənistan hakimiyyətinə qarşı kəskin etirazını bildirib: “İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Aprel məğlubiyyətindən sonra Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır? Hələ İlham Əliyevin imzaladığı məlum Sərəncamı demirəm. Bəs sabah Azərbaycan əsgəri İrəvana girsə, nə edəcəyik?”.

Göründüyü kimi, ermənilər artıq dərk etməyə başlayıblar ki, xalq-iqtidar birliyinin gücü ilə gündən-günə qüdrətlənən Azərbaycan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz torpaqlarını düşmən tapdağından təmizləyərək  ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.