KÖŞƏ

Zahid Rza

Eşşəyə qızıldan noxta taxsan da yenə adı eşşəkdir

06 fevral 2017 21:50
1750

Müsavatçılıqdan uzaq, M.Ə.Rəsulzadədən iraq  qəmbərski “Müsavat”ın keçmiş başqanı İsa Qəmbərin beş-on nəfər “əqidədaşı”nın  müşayiəti, çığır-bağırı ilə yanvarın 31-də M.Ə.Rəsulzadənin Bakının Novxanı qəbiristanlığındakı abidəsi önündə  səviyyəsizcəsinə cərənləməsi mənə biz tərəflərdəki bir müdrik sözü xatırlatdı: “Eşşəyə dedilər mərifətini göstər, başladı anqırmağa”.

Bəşər tarixi möcüzələrlə doludur. Əgər belə möcüzələrdən biri baş versə və rəhmətlik M.Ə.Rəsulzadə bir anlığa dirilib başını məzardan  qaldırsa onu “ziyarətə” gələn İ.Qəmbərə ötən əsrin 90-cı illərindən  ta bu günə qədər tutduğu əməllərə görə ağzına gələni deyər, keçmiş başqanı elə oradaca Novxanıdan qovardı. O, İ.Qəmbərə deyərdi ki, biz səni yaxşı tanıyırıq. Sən türk-müsəlman düşməni, əli xalqımızın qanına bulaşmış erməni təssübkeşi Mixail Qorbaçovun ötən əsrin 90-cı illərində respublikamıza məqsədli şəkildə göndərdiyi qanıxarab Viktor Polyaniçkonun əli ilə, dünyanın məşhur kəşfiyyat idarələrinin kabusu olan sover KQB-si tərəfindən yaradılan “Gənc alimlər klubu” vasitəsilə siyasətə gətirilibsən. 1990-cı ildə əliyalın xalqı şər imperiyasının təpədən dırnağa qədər silahlanmış əsgərlərinin, zirehli maşın və tanklarının qarşısında köməksiz qoyub qaçıb gizləndiyinə görə xalqımız səni heç zaman bağışlamayacaq.  Daha sonra erməni daşnakları öz havadarlarının köməyi ilə Qarabağı oda qalayanda, Şuşada, Laçında qanlı döyüşlər gedəndə sən düşmənin qarşısında dayanmalı olan tankları, topları Bakıda Ali Sovetin binası önünə gətizdirib hakimiyyət davası edirdin. Sən və sənin yanındakılar 1992-ci ildə xalqın inamından sui-istifadə edərək hakimiyyəti zəbt etdikdən sonra Azərbaycan adlı məmləkətin yaralarını sarımaq əvəzinə, onu oddan-alovdan qurtarmaq yerinə öz səriştəsiz idarəçiliyinizlə, nadan, cahil, xəyanətkar əməllərinizlə uçuruma yuvarlatdınız. Ölkəni parçalanmaq, dağılmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydunuz, xalqın, dövlətin malını suyu qiymətinə yad bazarlarında xırıd edib ciblərinizi doldurdunuz. Şərəfli, vicdanlı, qəlbi xalq, Vətən məhəbbəti ilə döyünən insanlara, böyük siyasət və dövlət adamlarına ağız büzdünüz, onları KİV-də təhqir etdiniz, şər-böhtan atəşinə tutdunuz. Bütün bunlara görə xalqın nifrətini qazandınız, millətdən ayrı düşərək marginallaşdınız. İş o yerə çatdı ki, xarici düşmənlərimizin əlaltısı, özünüzün pülüyüb şişirtdiyiniz polkovnik Surət Hüseynov qanınıza susayıb qiyam qaldıranda bezdirdiyiniz, perikdirdiyiniz, zülm etdiyiniz xalq sizə qahmar çıxmadı. O zaman sizi həmin qiyamçı polkovnikin edam kötüyündən, dar ağacından kimin qurtardığını nə tez unutdunuz? Yaxşı, kölgəsinə sığındığın, “müəllimim”,” ustadım”, “liderim” dediyin Ə.Elçibəyə niyə xəyanət etdin? 1998-ci il “Beşlər” formatında  ölkmizdə prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunarkən min bir fırıldaqla, dələduzluqla Ə. Elçibəyin vahid namizədliyinə niyə mane oldun? Türkiyəyə qardaş deyirdin, ancaq neft kəmərinin oradan deyil, başqa bir dövlətin ərazisindən keçməyini canfəşanlıqla müdafiə edirdin. 

Hansını deyəsən?! İ.Qəmbərin belə xəyanətkar, şərəfsiz əməllərini saymaqla qurtarmaz. Nə edəsən, hərənin bir taleyi, alın yazısı var. Görünür İsa Qəmbərin də qismətinə bunlar yazılıb. Bu yaşdan sonra onu yenidən yonsan da, ütüləsən də heç nə alınmayacaq. Müdriklərimiz yaxşı deyib: “Eşşəyə qızıldan noxta taxsan da yenə adı eşşəkdir!”