KÖŞƏ

Zahid Rza

Haydı, irəli Türkiyə, zəfər səninlədir!!

30 mart 2017 23:59
1451

İmprealizmin “lokomotivləri” 16 aprel ərəfəsində, “Fırat qalxanı”nın uğurla başa çatdırıldığı bir dövrdə qardaş Türkiyəyə qarşı çirkli oyunlarını yeni “formatda” daha da gücləndiriblər. İkiyüzillik tarixi olan belə çirkin və riyakar oyunların rişələri çox dərinlərə gedib çıxır. Böyük bir mədəni-coğrafi, etnik-siyasi bölgənin güclü təsir imkanlarına malik qüdrətli dövlətin, neft və qazla zəngin bir coğrafiyanın-Yaxın Şərqin “fəthi” yollarında əngəl, keçilməz sədd olan Türkiyənin zəiflədilərək sıradan çıxarılması, regionallıqdan çıxaraq qlobal güc mərkəzlərində söz sahibi olması istiqamətində atdığı addımların qarşısını almaq üçün “qlobal çağırışlar”ın icraçılarının, maskalı imperialistlərin qaranlıq dəhlizlərdə yeni variantlarda ərsəyə gətirdikləri məkrli strategiyaların bel sütununu təşkil edir.

Yeni minillikdə cəmiyyətin güclü inkişaf potensialını səfərbər edərək kifayət qədər  uğurlara imza atan, açıq xarici ticarət siyasəti ilə iqtisadiyyatında əsaslı kəmiyyət və keyfiyyət dəyişikliklərinə nail olan, bütün çətinliklərə (daxildə terrorla mübarizə, sərhədlərinin yaxınlığındakı qeyri-sabit, hətta müharibə şəraiti, yerləşdiyi coğrafiyadakı istiqrarsızlıq və.s) baxmayaraq iqtisadiyyatının 4 faiz böyüməsi Türkiyənin bədxahlarını, bəzi dairələri narahat edərək onların yuxusunu ərşə çəkir. Məhz bu qüvvələr Türkiyəni beynəlxlaq sistemin əsas akterləri sırasından çıxarmağa, yeni dünya nizamının konturlarının cızıldığı, qlobal və regional səviyyələrdəki strategiyaların hazırlandığı “mətbəxlər”dən təcrid etməyə, onu öz mərkəzinə doğru sıxışdırmağa çalışırlar. Onlar bu məqsədlə ölkə daxilindəki bəzi siyasi qruplardan, şübhəli beynəlxalq bağlantıları olan qeyri-hökumət təşkilatlarından, medya holdinqlərdən, ən əsası isə 35 ildən çox bir müddətdə silahlandırdıqları terror təşkilatlarından Türkiyəni müəyyənləşdirdiyi hədəflərdən yayındırmaq üçün istifadə edirlər. Qardaş ölkə düz otuz beş il ərzində imperialist güclərin, militarist qüvvələrin himayə etdiyi terrorçu qruplarla mübarizəyə milyardlarla dollar həcmində vəsait xərcləyib və bu proses hələ də davam edir. 

Geosiyasi, geoiqtisadi maraqlarını, məkrli niyyətlərini militarizmin dialektikasına məxsus taktikalarla reallaşdırmağa cəhd edənlərin istədikləri odur ki,Türkiyə 70-80-ci illərdə olduğu kimi onların çaldıqları havaya oynasın, müəyyənləşdirdikləri müstəvidə hərəkət etsin, səliqəli şagird kimi tapşırıqların məsuliyyətli icraçısı olsun, cızılan “qırmızı xətti” tapdalamasın, həmçinin qırmızı, sarı, yaşıl işıqları fərqləndirə bilsin, nə zaman soyuqqanlılıq (və ya istiqanlılıq), harada neytrallıq nümayiş etdirmək lazım olduğunu bilmək üçün onların əl işarəsinə diqqət etsin. Yəni, obrazlı desək, türklər bütün rənglər spektrinin isti, soyuq və neytral xüsusiyyətlərə görə bölünməsini yaddan çıxarmamalıdırlar.

Türkiyə cəmiyyətində bir inamsızlıq, ümidsizlik, yaratmaq, onu xaos bataqlığına sürükləmək bu mənfur ssenarinin bir hissəsidir. Bu ssenarinin həyata keçirilməsi üçün ən çirkin vasitələrə əl atırlar. Bu yolda hətta özlərinin elan edilmiş dəyərlərini ayaqlar altına ataraq idmanı, mədəniyyəti, incəsənəti belə bu məkrli oyunlara alət etməkdən çəkinmirlər. 

Belə ki, keçən il qardaş ölkənin Prezidenti RəcəbTayyib Ərdoğanın Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirakına mane olmaq üçün himayə etdikləri terrorçuların əli ilə iki dəfə paytaxt Ankarada onlarla insanın ölümünə, yüzlərlənin yaralanmasına səbəb olan terror aktı düzənlədilər. Ancaq dərk etmədilər ki, min illərlə dünyaya hökm edən türkün qəhrəman övladlarını belə şeytani əməllərlə qorxutmaq mümkün deyil. Türkiyə prezidenti RəcəbTayyib Ərdoğan Bakıya gələ bilməsə də, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ankaraya getdi. Ən çətin anlarda müdrik qərarlar qəbul edərək hədəfi sərrastcasına nişan alan, cəsarət, mətanət nümayiş etdirən ölkəmizin başçısı budəfəki Türkiyə səfəri ilə Azərbaycanın qara günlərin dostu olduğunu, ən çətin günlərdə Ankaranın yanında durduğunu, strateji müttəfiqliyimizin sarsılmaz təməllər üzərində qurulduğunu bütün dünyaya nümayiş etdirdi.

Elə oradaca qardaş, dost, strateji müttəfiq olan iki ölkənin dövlət başçılarının keçirdikləri mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edərək bu səfərin bütün dünyaya bir mesaj olduğunu bildirərək qeyd etdi ki, bu əməllərlə türk xalqını qorxutmaq, onu mübarək yolundan döndərmək istəyirlər, ancaq bunu bacarmayacaqlar, qısa zamanda Türkiyənin qarşısında diz çökəcəklər. Müəyyən etdiyi hədəflərinə (2023, 2053, 2071) çatmaq üçün böyük fədakarlıqlar, sarsılmaz iradə, yüksək əzmkarlıq nümayiş etdirən Türkiyənin biləyini əyib, kürəyini yerə vura bilməyəcəklər. 

Dünyanın ən qüdrətli kəşfiyyat orqanlarından olan Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi sayılan, müstəqil siyasi, iqtisadi, hərbi təhlilləri ilə tanınan “Stratfor” Qlobal Məlumatlar Şirkətinin rəhbəri Corc Fridmanın yeni dünya nizamında Türkiyənin rolu və yeri barədə dedikləri də buna parlaq nümunə ola bilər: “Bundan sonra dünyada heç bir şey köhnəsi kimi olmayacaq, yeni bir dünya nizamı qurulacaqdır. Bunların fonunda Türkiyənin super güc olma prosesi də artıq başlamışdır. Türkiyə təbii bir liderdir. Onun köhnə Osmanlı coğrafiyasında quracağı hegemonluğu artıq indidən görmək olur. Artıq bölgəni domino etməyə başlayıb. Balkanlarda Serbiya ilə belə əlaqələri inkişaf etməkdədir. Qafqazlarda Azərbaycan və Gürcüstan ilə güclü bir ittifaq qurulub. Türkiyənin iki xarakterik özəlliyi var: O canlı bir iqtisadiyyata və çox güclü bir orduya sahibdir. Türkiyə dünyanın ən böyük 17 iqtisadiyyatına malikdir. 2020-ci ildə isə 10 sıraya çıxması gözlənilir. Bu ölkə irəlidə Mərkəzi Asiyanı, Yaxın Şərqi və Balkanları hakimiyyəti altına alaraq qüdrətli bir ölkə olacaqdır. Ağ və Qara dənizlər Türk gölü halına gələcəkdir. İqtisadi və hərbi cəhətdən zəif olan Ərəb dünyası Türkiyənin hegemonluğunu qəbul edəcəkdir. Avropalıların Türkiyəyə marağı daha da artacaqdır. Artıq Türkiyə bölgəsəl güc olaraq tarixə yenidən geri döndü”...

Haydı, irəli Türkiyə, zəfər səninlədir!!.