KÖŞƏ

Zahid Rza

Qondarma “erməni soyqırımı”nı tanımaq Çexiya parlamentinin tarixində qara ləkədir

27 aprel 2017 14:22
1657

Dünən daha bir Qərb ölkəsinin haqsızlığına şahidlik etdik. Belə ki, Çexiya Parlamentinin Deputatlar Palatası uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul edib. Qətnamənin lehinə 104 deputat səs verib. Sənəddə qondarma “erməni soyqırımı” insanlığa qarşı cinayət adlandırılır. Qətnamə layihəsi Sosial-Demokratlar Partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub. Bu üzdəniraq çexiyalı deputat bildirib ki, uydurma “soyqırımı”nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.

Əslində qondarma “erməni soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. Heç kimə sirr deyil ki, “erməni soyqırımı” cəfəgiyatdan başqa bir şey deyil. Bir sıra dövlətlərin maraqları baxımından ortaya atılan və qardaş Türkiyəyə qarşı bir təzyiq vasitəsinə çevrilən bu əsassız uydurma artıq Ermənistan və xaricdəki ermənilər üçün bir ideologiyaya çevrilib.

Tarix elə bir anlayışdır ki, onu əlavə rənglərlə mozaikləşdirmək mümkün deyildir.  Bu, qondarma “erməni soyqırımı”na da aiddir. Bu məsələnin mahiyyətini dəqiqliklə öyrənmək üçün tarixi sənədlərə diqqət edərkən hər şey açıq-aydın görünür. 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun daxili işlər naziri Tələt paşa bir əmr verib. Aprelin 26-da isə Baş komandanlığın əmri çıxıb. Həmin əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də “Söbh və isqan haqqında” Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsinə başlanıldı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalı idi. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorunmasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər. 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı hökuməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin “soyqırımı” kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər əsassız olaraq 1 milyon 500 min nəfər soydaşlarının qırıldığını söyləyirlər. 

Şübhəsiz ki, bu rəqəmlər tarixi gerçəkliyi əks etdirmir. Əvvəla, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görərik ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min, daha sonra isə 1 milyon 500 min nəfər göstərilir. Bu qədər yalan olarmı?

 Xristian təəssübkeşliyi ilə alışıb-yanan qərblilər, o cümlədən də çexiyalı deputatlar nədən ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri vəhşilikləri görməzlikdən gəlirlər? Axı, erməni faşistləri yüz ildən artıq bir müddətdə öz havadarlarının köməyi ilə xalqımıza qarşı əsl soyqırımı törədiblər.1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Təkcə Bakıda 12 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars  əyalətində 92 kənd yerlə-yeksan olunmuşdur. Təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırımına məruz qalmışdır. Ermənilərin xəyanət və müxtəlif basqıları sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 1948-1953-cü illərdə onlar adət etdikləri metodlarla azərbaycanlıları daimi yaşadıqları Ermənistan SSR-dən çıxarmağa başlamış, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütmüşlər. Bununla soydaşlarımızın tarixi torpaqlarından davamlı şəkildə deportasiya olunmasının əsası qoyulmuş və bu proses sovet hakimiyyətinin mövcudluğu dövründə-1988-ci ilin dekabrında başa çatdırılmışdır.

1988-1994-cü illərdə ermənilər yenə də havadarlarının təəssübkeşliyi, siyasi-hərbi və maddi yardımları ilə ərazimizin 20 faizini işğal etmiş, bir milyondan çox insan öz dədə-baba yurdundan didərgin düşmüşdür. On minlərlə adam öldürülmüş, şikəst olmuşdur. Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq məqsədilə əsassız ərazi iddiaları irəli sürən ermənilər azərbaycanlılara qarşı bir əsrdə bir neçə dəfə soyqırımı törətmişlər. Bunların ən dəhşətlisi XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımıdır. Şübhəsiz ki, onlar bu cinayətkar əməllərinə görə gec-tez öz layiqli cəzalarını alacaqlar. Çünki heç bir bəşəri vəhşilik cəzasız qalmır. Bunu erməni-xristian təəssübkeşliyi havası ilə “qətnamə” qəbul edən çexiyalı parlamentarilər də bilməlidirlər.