KÖŞƏ

Zahid Rza

İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək

04 may 2017 22:40
1921

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına layiqincə ev sahibliyi etməklə özünü dünyaya bir daha uğurla təqdim edəcək. Bu mötəbər tədbirin respublikamızda keçirilməsi İslam idman hərəkatının tarixinə əbədi həkk olunacaq.

Son illərdə Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Ölkəmizdə aparılan böyük tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri Bakını dünyanın ən gözəl, inkişaf etmiş şəhərlərindən birinə çevirib, bütövlükdə ölkədə müasir idman strukturları yaradılıb və bu işlər hazırda  da böyük vüsətlə davam edir. Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə tutduğu mövqe, ölkədəki ictimai-siyasi sabitlik birmənalı olaraq dünya idman ictimaiyyətində belə bir qənaət və əminlik yaradıb ki, respublikamız istənilən beynəlxalq idman tədbirinə ev sahibliyi edə bilər.  Təbii ki, Azərbaycan  belə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün əməli işləri ilə öz iddiasını ortaya qoyur.

Bütün dünyanın diqqətlə izlədiyi “Eurovision-2012” mahnı müsabiqəsindən sonra Azərbaycanın uğurla ev sahibliyi etdiyi I Avropa Oyunlarında, eləcə də XXX London və XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları uğurlar bir daha göstərdi ki, qısa müddətdə iqtisadi uğurları ilə  liderlik zirvəsinə yüksələn ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsi, əzmi və düşünülmüş  siyasəti nəticəsində bütün sahələrdə birinciliyini qoruyur. Bədən tərbiyəsi və idmanın daha geniş və sürətlə inkişafı, idman vasitəsilə Azərbaycanın dünyaya, Avropaya inteqrasiyası, beynəlxalq idman aləmində ölkə idmanının nüfuzunun daha da artırılması məsələləri dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirilir. Qətiyyətlə demək olar ki, son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər, bu sahədə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə qazanılan uğurlar və əldə olunmuş nailiyyətlər bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirib.

May ayının 12-dən-22- dək davam edəcək IV İslam Həmrəyliyi Oyunları zamanı ölkəmizə minlərlə turist gələcək. Bu da imkan verəcək ki, Azərbaycan özünü, mədəniyyətini, mövcud milli mənəvi dəyərlərini, xalqımızın yaşam tərzini, ölkənin tolerantlıq, ictimai-siyasi vəziyyətini, regiondakı mövqelərini, dünyaya çatdırmaq istədiyi mesajları bu idman yarışlarından istifadə edib iştirak edəcək nümayəndələrə, jurnalistlərə və onların vasitəsilə dünya ictimiayyətinə çatdıraq.

Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdəki çıxışında bildirib ki, bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin tarixində çox böyük əlamətdar hadisədir: “Bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə sayılı günlər qalır. Dünya idman tarixinə qızıl hərflərlə yazılacaq bu beynəlxalq tədbir böyük inkişaf yolunda inamla irəliləyən Azərbaycanın müsəlman dünyasının ayrılmaz parçası olduğunu bir daha sübut edəcək. Bütün dünya müasir müstəqil Azərbaycanın sabitlik adası, sülh və əməkdaşlıq məkanı olduğuna bir daha əmin olacaq.