KÖŞƏ

Zahid Rza

“Cənub Qaz Dəhlizi” Azərbaycana böyük mənfəət gətirəcək

01 iyun 2017 14:06
2018

Azərbaycanın təşəbbüsü və liderliyi ilə uğurla reallaşdırılan, Avropanın enerji xəritəsinin zənginləşdirilməsində, enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayacaq XXI əsrin layihəsi- “Cənub Qaz Dəhlizi” Prezident İlham Əliyevin güclü siyasi iradəsi və əzmi, ölkəmizin maliyyə resursları ilə yanaşı, beynəlxalq maliyyə dəstəyinin gündən-günə genişlənməsi ilə uğurla reallaşdırılır.

Prezident İlham Əliyev mayın 31-də Bakı Sərgi Mərkəzində dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkətin iştirakı ilə keçirilən XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılış mərasimindəki nitqində bildirib ki, artıq “Şahdəniz-2” layihəsinin icrası 93 faiz, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin icrası 85 faiz, TANAP layihəsinin icrası 72 faiz, TAP-ın icra səviyyəsi 42 faizdir.

ABŞ prezidenti Donald Tramp XXIV Beynəlxalq “Xəzər Neft və Qaz 2017” sərgi və konfransının iştirakçılarına ünvanlanan müraciətində bildirib ki, onun ölkəsi “Cənub Qaz Dəhlizi”nə qərarlı dəstəyini davam etdirir: “ Mən Azərbaycanın qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin Xəzərin enerji resurslarının emalı və ixracındakı rolunu yüksək qiymətləndirirəm”.

 Bundan əvvəl isə “Asiyanın rifah və tərəqqisini birlikdə quraq” devizi altında 2017-ci il 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının illik Toplantısı çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC və qurum arasında “Şahdəniz” qaz-kondensat yatağının islənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanması XXI əsrin layihəsinə beynəlxalq dəstəyin davam etdirilməsinin əyani sübutudur. Bunun digər bir nümunəsi Transanadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə  146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutmasıdır. Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit verilib.

Prezident İlham Əliyev XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılış mərasimindəki nitqində bildirib ki, bundan sonra neft-qaz sahəsində layihələr Azərbaycana daha da böyük xeyir gətirəcək, həm  iqtisadi mənfəətimiz, eyni zamanda, bölgədəki, dünyadakı rolumuz artacaq: “Cənub Qaz Dəhlizi”ni tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Onu da qeyd etməliyəm ki, əgər Azərbaycan dövləti bu dörd layihənin icrasına sərmayə qoymasaydı, əminəm, heç bir investor sərmayə qoymazdı. Ona görə, Azərbaycan burada həm siyasi iradə göstərir, eyni zamanda, iqtisadi töhfə, maliyyə töhfəsi verir ki, “Cənub Qaz Dəhlizi” layihəsi icra edilsin. Bu layihə bizim üçün tarixi əhəmiyyət daşıyır. Çünki “Cənub Qaz Dəhlizi” bizim uzunmüddətli inkişafımızı gücləndirəcək, bizə əlavə böyük mənfəət gətirəcək”.