KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Paşinyan “məngənə” arasında

11 avqust 2018 00:00
6513

Ermənistanda uzun müddətdən bəri davam edən siyasi-iqtisadi böhran yeni mərhələyə qədəm qoyub. Bu ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, təkcə iyun ayı ərzində idxalın həcmi 21 faiz artıb, orta aylıq nominal əmək haqqları isə 6 faiz azalıb. Əgər ermənilər bir neçə ay əvvəl artıq xroniki hala çevrilmiş böhrandan çıxış  yolunun Nikol Paşinyanın baş nazir olmasında görürdülərsə, vəziyyət onu göstərir ki, onların bu ümidi də puç olub.

Yeni hökumət gah sələfində təmsil olunanlarla haqq-hesab çürüdür, gah da yerli iş adamlarını həvəsləndirməklə ölkəyə  xarici investorların cəlb edilməsinə cəhdlər edir. Lakin məsələ burasındadır ki, indiyədək davam edən siyasi-iqtisadi böhran nəinki yerli və xarici investorların Ermənistandan üz döndərməsinə səbəb olub, həmçinin ölkədəki ixtisaslı kadrların da buranı tərk etmələri üçün əsas yaradıb. Vəziyyət o həddə çatıb ki, bugünlərdə ölkədəki tekstil fabriklərindən birini  ziyarət edən N. Paşinyana müəssisədə ixtisaslı kadr çatışmazlığı olduğu bildirilib. Bu müəssisə əsasən əlçək istehsalı və ixracını həyata keçirir.

N. Paşinyanın vəziyyət çıxışdən üçün atdığı addımlardan biri də xaricdən borc  almaq cəhdləridir. Əslində bu siyasət Ermənistan üçün ənənəvidir. Lakin görünən odur ki, Rusiyadan əli üzülən N. Paşinyanın üz tutduğu Qərb də onu ümidlərini boşa çıxarıb.

Paşinyan vəziyyətdən çıxmaq üçün atdığı addımlardan biri də Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışmasıdır. Lakin baş nazir Ermənistanın Türkiyə ilə şərtlər olmadan diplomatik  münasibətlər qurmağa hazır olduğunu bildirməsi  əslində  bu təklifin boş sözdən başqa bir şey olmadığını nümayiş etdirir. Aydın məsələdir ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bir neçə vacib məsələlər öz həllini tapmasa, iki ölkə arasındakı münasibətlərdə hər hansı inkişafın olacağı inandırıcı deyil. Bu sırada ən əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, yəni Ermənistanın işğala son qoyması, Türkiyəyə qarşı əsassız iddialardan  geri çəkilməsidir.

Ermənistanın baş naziri N.Paşinyan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığına gəldikdə isə, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti ilə bağlıdır və erməni mətbuatında da əskini tapıb. İstənilən halda telefon danışığı iki ölkə arasında münasibətlərin səviyyəsinin göstəricisi ola bilməz və Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstanın mövqeyi bəllidir.

“Əli hər yerdən üzülən” N.Paşinyan bu dəfə İrana səfər etməyə hazırlaşır. Bu barədə İranın Ermənistandakı səfiri Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşündə bildirib. Lakin səfərin tarixi göstərilmir.

 “Lragir.am” saytında gələcək səfərdən bəhs edən yazıda  Ermənistanın İran üçün əhəmiyyətindən yazmağa bir şey tapmasalar da, İranın bu ölkə üçün əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Rusiya ilə barəbər, İran da  bölgədə status-kvonun qorunub saxlanılmasında  böyük rola malikdir. Lakin ABŞ-ın bu ölkəyə sanksiyaları onun regionda  Ermənistanın xeyrinə olan təsir imkanlarını azalda bilər. 

Belə olan halda Ermənistanın Rusiyadan asılılığı Qərbyönlü Paşinyanın səylərinə baxmayaraq azalmaq yerinə daha da artmış olacacaq.

Nəticə etibarilə,  buradan bir daha aydın olur ki, Ermənistanın bölgədə işğalçı status-kvonu saxlamaq imkanları getdikcə azalır və təcavüzkar bundan olduqca narahatdır.  Bunun bir səbəbi Ermənistanda hakimiyyət dəyişikliyinə baxmayaraq davam edən siyasi-iqtisadi böhrandırsa, digəri regionda dəstəyinə arxalandığı güclərin ABŞ-ın sanksiyaları ilə üz-üzə qalmalarıdır.

Ceyhun Piriyev, “İki sahil”