KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Antiazərbaycan dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər

07 iyun 2017 00:12
3787

AXCP-nin sədr müavini Gözəl Bayramlıdan sonra Əfqan Muxtarlının da Gürcüstandan Azərbaycana pul daşımasının qarşısının alınması çoxlarının “kürkünə birə salıb”. Belə ki, G. Bayramlıdan fərqli formada-Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməyə nail olmuş Ə.Muxtarlının  xidmətin əməkdaşları tərəfindən saxlanılması,  axtarış zamanı üzərindən 10 min avro məbləğində nağd pul  götürülməsi antiazərbaycan dairələr tərəfindən böyük qəzəblə qarşılanıb. AXCP sədrinin “Facebook”dakı hiddətdolu statusları da  “məsələ”nin onlar üçün qəlizliyindən xəbər verir. 

Hadisə baş verən gündən olaylara müxtəlif don geydirməyə çalışan  antimilli ünsürlər bu işə transmilli medianı da cəlb etməklə bundan müxtəlif məqsədlər üçün istifadə etməyə çalışırlar. Onlar  bu işdə hətta Azərbaycan-Gürcüstan əlaqələrini də sınaqdan keçirməyə, ölkə rəsmilərinin müxtəlif səpgili çıxışları ətrafında ajiotaj yaratmağa cəhdlər edirlər.  

Hərçənd ki, bu əlaqələr heç də antiazərbaycan dairələrin təsəvvürlərində formalaşdırdıqları kimi primitiv deyil. İki ölkə arasında əlaqələrin tarixi Azərbaycanda ulu öndər Heydər Əliyevin, Gürcüstanda Eduard Şevardnadzenin prezident olduqları dövrlərindən başlayır. Sonrakı mərhələlərdə  siyasi, iqtisadi  və digər sahələrdə qurulan uğurlu əməkdaşlıq enerji müstəvisində  daha da sıx tellərlə bağlanıb və günü-gündən  inkişaf edir. Bu isə onu deməyə imkan verir ki, Azərbaycanın enerji və nəqliyyat  layihələrinin əsas iştirakçılarından olan Gürcüstanla münasibətlər qarşılıqlı strateji əhəmiyyət daşıyır və buna asanlıqla zərbə vurmaq qeyri-mümkündür. Belə ki, ölkəmiz bu gün Gürcüstanın enerji təhlükəsizliyini qeyd-şərtsiz təmin edir, həmçinin  SOCAR bu ölkənin ən böyük investoru, vergi ödəyicisidir. Gürcüstan tərəfindən isə  Azərbaycan tərəfindən irəli sürülmüş layihələr, özəl investisiyalar üçün maksimum təhlükəsiz şərait mövcuddur. Həmçinin iki ölkə beynəlxalq səviyyədə bir-birlərini dəstəkləyir, qarşılıqlı faydalı əməkdaşlığı davam etdirirlər.     

Bütün bunlar isə istər Azərbaycan, istərsə də Gürcüstan tərəfinin  bu məsələni siyasiləşdirmədən, hüquqi müstəvisində həll etmələrini  vacib edir. Çünki Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri ortaq maraqlara, qarşılıqlı faydalı əməkdaşlığa və hörmətə, bir-birinin daxili işlərinə qarışmamaq və birinin ərazisindən digərinə qarşı istifadə edilməsinə yol verməmək kimi prinsiplərə əsaslanır.

Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı son şərhdə də  deyildiyi kimi, sözügedən məsələni qəsdən siyasiləşdirərək uğursuz şəkildə Azərbaycan-Gürcüstan əlaqələrinə xələl yetirməyə çalışan dairələr heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər.