KÖŞƏ

Elçin Zaman

Rusiyada kök salmış antiazərbaycan qüvvələr niyə cəzalandırılmır?

13 dekabr 2017 14:12
3304

Azərbaycan dövləti qonşu ölkəyə göstərdiyi isti münasibətin qarşılıqlı olmasını istəyir

Azərbaycan kimi qüdrətli ölkənin xarici siyasətində qətiyyətlilik və müstəqil siyasi dəst-xəttin olması çox önəmli faktdır. Xüsusən, ölkəmizin iqtisadi və hərbi qüdrəti onun şərtlər qəbul edən deyil, şərtlər diktə edən bir dövlətə çevrilməsini reallaşdırıb. Düzdür, bir çox hallarda inkişafımız həm daxili, həm də xarici antiazərbaycan qüvvələri narahat edir. Ancaq qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin iqtisadi qüdrəti və geniş beynəlxalq əlaqələri onu həmişə təhdidlərin hədəfindən yayındırıb.

Azərbaycan dövlətinin xarici siyasətində digər çox önəmli cəhət qonşu dövlətlərlə iqtisadi, siyasi əməkdaşlığı genişləndirmək, onlarla dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Bu mənada, ölkəmiz Rusiya ilə önəmli əlaqələrə malikdir və bu əlaqələrin perspektiv inkişafı daim gündəmdədir. Xüsusilə  qeyd edilməlidir ki, Azərbaycan dəfələrlə öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəfin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə almışdır. O cümlədən Rusiya və Azərbaycan dəfələrlə terrorizmin yayılmasının qarşının alınması məqsədilə birgə uğurlu əməliyyatlar keçirmişlər.

 Ən başlıcası ölkəmizdə Rusiyaya qarşı heç vaxt ideoloji təxribatlar və təhdidlər olmamışdır. Azərbaycan KİV-i və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə dost və qonşu ölkənin dövlət maraqlarının ruhuna zidd mövqe tutmamışlar. Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-ə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil. Xüsusilə Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin antiazərbaycan siyasəti üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədirlər.

Ən dəhşətlisi isə odur ki, Rusiyada məskunlaşan antiazərbaycan qüvvələrin cərgəsində “sapı özümüzdən olan” nankorlar və xəyanətkarlar da var.  Onlar bu gün ermənilərin bizə qarşı yandırdıqları nifrət tonqalını qurdalamaqda maşa rolunu oynamaqdadırlar. Həmin satqınlar da Rusiya və Azərbaycan dövlətləri arasındakı isti münasibətdən ciddi şəkildə narahat olmaqdadırlar. Məhz Rusiyadakı erməni lobbisi həmin xəyanətkarların vasitəsilə Rusiya-Azərbaycan münasibətlərini düşmənçilik səviyyəsinə çatdırmağa, eyni zamanda, iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələri zəiflətməyə çalışırlar.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı. Məhz Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın ciddi qınağı və narazılığı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını  dəyişərək  həmin qurumların fəaliyyətini Moskvaya köçürmüşlər.

Bu fəaliyyətlərdə adı keçən Fəxrəddin Aboszadə 1981-1995-ci illərdə BDU-da işləmişdir. O əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etməyə çalışmışdır. Lakin onun bu cəhdləri uğursuzluqla nəticələnmiş, əvəzində “politologiya” dərsliyi adı ilə AXC-ni və onun sədrini tərifləyən kitab yazması da “lazımınca” qiymətləndirilməmişdir. Bu xəyanətkarın mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasına çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğramışdır. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmət orqanlarının və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə antiazərbaycan fəaliyyətini davam etdirmişdir.

Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil  Məhərrəmov da hazırda “fəaliyyəti”ni Yerevandan Moskvaya köçürərək təxribatçı planlarını da elə oradan həyata keçirməyə çalışır. Bu vətən xaini vaxtilə mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış etmişdi.

Bu gün bizim bir dövlət və xalq olaraq qonşu və dost Rusiya dövlətindən gözləntimiz odur ki, orada məskunlaşan antiazərbaycan qüvvələri qanunun gücü ilə cəzalandırsın. Təbii ki, açıq şəkildə söyləmək olar ki, Azərbaycan  əleyhinə bu tipli təxribatçı və aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Xüsusilə Rusiya tərəfi də yaxşı anlamalıdır ki, erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsi onun geostrateji əhəmiyyətli bölgələrdən daha çox təcrid edilməsinə gətirib çıxara bilər. Bu, bir həqiqətdir ki, Azərbaycan kimi strateji bir dövləti itirmək heç vaxt Rusiyanın siyasi və iqtisadi maraqlarına cavab verməyib. Əksinə, bölgənin ən güclü ölkəsi olaraq Azərbaycanla isti münasibətlər qurması həmişə bu qonşu ölkəyə böyük siyasi və iqtisadi dividentlər gətirib.

Digər tərəfdən erməni lobbisi yaxşı anlayır ki, onlar heç vaxt Rusiya ilə Azərbaycan arasındakı mövcud normal münasibətləri poza bilməyəcək. Ona görə ki, hər iki ölkənin  siyasi rəhbərliyi arasında  həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb. Xüsusilə Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasındakı dostluq münasibətləri hər iki ölkənin bundan sonra da daha önəmli əlaqələrə malik olacağının qarantıdır.