KÖŞƏ

Elçin Zaman

Sarkisyanın sülh danışıqlarından qaçması Ermənistanın siyasi iflasını sürətləndirir

05 iyul 2017 16:16
2544

Beynəlxalq təşkilatların tövsiyələrinə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli danışıqlar yolundan keçir.  Təbii ki, bu tövsiyələrdə ölkəmizin milli maraqlarına xidmət edən ciddi məqamlar da var. Belə ki, həmin tövsiyələrdə ilk olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyü tanınır və 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktının tələblərinə uyğun olaraq İkinci Dünya müharibəsindən sonra ölkələrin sərhədləri dəyişilməz qalır. Neçə illərdir ki, ölkələrin ərazi münaqişələrinin həlli yolları məhz bu hüqüqi prinsipə söykənir.

Artıq bu prinsip beynəlxalq hüququn təməl daşı olmaqla Ermənistanın qarşısında ciddi bir maneəyə çevrilib. Belə ki, qondarma “Dağlıq Qarabağ Respulikası” nə beynəlxalq aləmdə tanınır, nə də Ermənistan özü bu rejimi tanımağa cürət edir.

Məhz bu səbəblərdən də Ermənistanın siyasi rəhbərliyi son bir neçə ildir ki, münaqişənin sülh yolu ilə nizamlanmasına mane olmaq üçün danışıqları süni yollarla pozmağa çalışır. Daha dəqiq desək, işğalçı ölkənin prezidenti Serj Sarkisyan sülh danışıqlarını məqsədli şəkildə dalana sürükləyir.

Əslində, onun bu spekulyativ hərəkətləri öz hakimiyyətini möhkəmləndirməyə xidmət etsə də, ümumilikdə, Ermənistanı bir dövlət olaraq qlobal iqtisadi layihələrdən, beynəlxalq iqtisadi əməkdaşlıqlardan mərhum edir. Bölgənin ən güclü ölkələri olan Azərbaycanla Türkiyənin birgə iqtisadi layihələrindən qonşu ölkələr kifayət qədər yararlansa da, Ermənistan bu layihələrdən kənarda qalmaqla hər il yüz milyonlarla vəsait itirir.

Erməni siyasi analitik Armen Voskanyan da etiraf edir ki, Qarabağın işğalının hələ də davam etməsi Ermənistanın bir dövlət kimi iflasını sürətləndirir. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan kimi iqtisadi cəhətdən güclü və dünyaya açıq dövlətlərlə münaqişədə olmaq ölkəsinə bundan sonra da yaxşı heç nə vəd etmir.

Beynəlxalq maliyyə təşkilatlarının hazırladıqları hesabatlarda birmənalı olaraq göstərilir ki, Ermənistana son 15 ildə, ümumiyyətlə, xarici investisiya yatırılmayıb. Ölkədə tikinti-quruculuq işləri tam olaraq dondurulub.

Burada son 10-15 ildə infrastuktur layihələrinə dair heç bir iş görülməmişdir. Ermənistan sənayesində geriləmə mövcuddur. Xüsusən, ölkənin ərzaq təminatı kritik həddədir.

Bundan başqa, MDB ölkələrinin statistikasını öyrənən beynəlxalq iqtisadi qurumlar da öz araşdırmalarında belə qənaətə gəliblər ki, keçmiş SSRİ respublikaları arasında ən ağır iqtisadi və sosial durum məhz Ermənistanda müşahidə edilir. İşğalçı ölkədə ÜDM-in həcmi hər il enməkdədir. MDB ölkələri üzrə aparılan statistik araşdırmalardan  aydın görünür ki, Ermənistanın 2016-cı ildəki milli gəliri 2015-ci ildəkindən 14 faiz aşağı olub.

Ermənistanda kənd təsərrüfatı həm də ona görə iflas halına gəlib ki, burada işçi qüvvəsi xeyli sayda azalıb. Ölkəni hər il 10 minlərlə insan tərk etmək məcburiyyətindədir. Həm yoxsulluq, həm də Serj Sarkisyan hakimiyyətinin talançılıq və antidemokratik davranışları erməniləri kütləvi şəkildə ölkələrini tərk etməyə məcbur edir. Ermənistanın iqtisadi tənəzzülü onun ticarət dövriyyəsinin hər il azalmasında da özünü göstərir. Onun  ən yaxın qonşusu olan Rusiya ilə illik ticarət dövriyyəsi 400 milyon dollardır. Ancaq Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 2 milyard dollara yaxınlaşır. Xüsusən, ölkənin ərzaq təminatı kritik həddə yaxınlaşıb.

Eyni zamanda, Ermənistandakı iqtisadi iflas hərbi sahəni də bərbad duruma salıb. Bu gün hətta ordusunu ərzaqla təmin edə bilməyən bu ölkədə hərc-mərclik, siyasi çəkişmələr açıq hərbi qarşıdurmalara doğru irəliləyir.