KÖŞƏ

Sevinc Azadi

Saxta “demokratların” çürük mitinq şouları

19 noyabr 2018 23:02
4547

Hər kəsə bəllidir ki, 1993-cü ildən bəri Azərbaycanda intellektual əsaslarda yeni cəmiyyət, ənənəvi klassik demokratiyanın tələblərinə uyğun siyasi sistem formalaşıb. Bu demokratik və intellektual cəmiyyət indiki mərhələdə artıq müəyyən yetkinlik dövrünə qədəm qoyub. Lakin ötən dövr ərzində paralel olaraq ölkənin siyasi sistemindən kənarda olan müəyyən autsayder və dağıdıcı müxalifət də siyasətlə məşğul olmağa çalışıb, daha doğrusu, siyasi imitasiya ilə məşğul olub. Bu autsayderlər zaman-zaman Azərbaycan mətbuatı və ictimaiyyəti tərəfindən bəzən “radikal müxalifət”, bəzən “qeyri-ənənəvi müxalifət”, bəzən də “sistemin autsayderləri” adlandırılıblar. Amma istənilən halda, necə adlandırılmasından asılı olmayaraq, onlar ciddi şəkildə Azərbaycanın siyasi sisteminə, burada baş verən proseslərə müdaxilə edə bilməyiblər və ümumiyyətlə, qəbul edilməyiblər.

Dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun növbəti nümunəsidir. Belə ki, noyabrın 17-si saat 15:00 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Hüquq mühafizə orqanları qeyri-qanuni aksiyanın qarşısını alıb və dağıdıcı qruplara Şəhidlər xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verməyib. Aksiyanın təşkilatçıları da saxlanaraq Səbail rayon polis idarəsinə aparılıblar. Polis əməkdaşları aksiyanın qarşısını alarkən qanunun tələblərinə əməl edib. Bununla belə aksiyadan sonra radikal müxalif fəallar tərəfindən sosial şəbəkələrdə böyük kampaniya başladılıb, polis idarəsinə yürüş etmək barədə çağırışlar edilib. Bu, aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü təsdiqləyir. Polisin vəzifəsi asayişi qorumaq, qanunun aliliyini təmin etməkdir. Əgər radikal müxalifətə çağırış, müraciət təsir göstərmirsə, onlar polis bölməsinə aparılmalı və haqlarında inzibati tədbirlər görülməlidir. Radikal qüvvələr həmişə polisi gözdən salmağa, zəiflətməyə çalışırlar. Ancaq onların çağırış cəhdləri əbəsdir. Azərbaycan cəmiyyəti asayişin qorunmasında polisin rolunu və əhəmiyyətini həmişə hiss edir.

Cəmiyyət bir daha gördü ki, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Əli Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları “himayə edən” mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirdilər. Lakin müxalifətin “ölkəni silkələmək” iddiası bu dəfə də sabun köpüyü kimi partladı. Bu bir daha təsdiqlədi ki, heç bir bazası olmayan dağıdıcı müxalifətin aksiya çağırışına əhəmiyyət verən yoxdur. Əvvəllər beş-on manat verib aldatdıqları adamları da tapa bilmirlər. Hamı işində-gücündədir. Radikal müxalifət isə hələ də dünyaya qara eynəklə baxır. Görünən odur ki, çürüməkdə olan dağıdıcı müxalifətin iflası qaçılmazdır.