KÖŞƏ

Şəmsiyyə Əliqızı

Çirkli pulların əsirləri

02 oktyabr 2018 14:22
5980

Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir. Riyakarlıq və saxtakarlıq isə dağıdıcı müxalifətin əsas silahıdır. Son günlər dağıdıcı düşərgədə   narahatlıq və vurnuxmalar daha geniş vüsət alıb. Buna səbəb isə onların istəklərinin əksinə olaraq ölkəmizin günü-gündən inkişaf etməsi, nəinki regionda, dünyada söz sahibinə çevrilməsidir. Azərbaycanın qazandığı uğurların sayı artdıqca isə Avropada sığınacaq tapan qrant dəllallarının qəddi ikiqat əyilərək, başları ayaqlarına dəyir. Min bir yolla erməni havadarlarına xoş getmək üçün böhtan kampaniyası apararaq öz varlıqlarını sübut etmək istəyirlər. Bu da alınmayanda biri-birlərini didməyə, günah keçisi axtarmağa çalışırlar.

Xatırladaq ki, dağıdıcı düşərgədə pul, qrant davası hər zaman olubdur. Yaxın keçmişdə daha çox çirkli pullara sahib çıxmaq üçün bu düşərgənin “mehriban düşmənləri” kimi tanınan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının daim didişməsinin şahidi olmuşuq. Sonda Əli Kərimli, İsa Qəmbəri oyundankənar vəziyyətə salaraq daha çox qranta sahib çıxmışdı.  “Ata-ana” müxalifətinin illərlə davam edən döyüşlərini izləyən və bundan vəcdə gələn, onları bəyənməyərək daha da irəli gedən müasirləri nəinki ölkə daxilində, hətta  ölkə xaricində də “xoruz döyüşdürməkdən” çəkinmirlər. Əvvəlcə ölkədə yaşayan radikalları gözdən salmaqla qrant layihələrdən uzaqlaşdırdılar. Bu gün də hamısına tək sahib çıxmaq uğrunda mübarizə başlayıb.

Emin Milli də bu taktikanı davam etdirərək əlinə düşən hər fürsətdə Əli Kərimli haqqında tənqidi fikirlər səsləndirir. Həm Helsinki Komissiyasının dinləmələrində, həm də sosial şəbəkələrdə qeyd edib ki, xarici dairələrin radikal düşərgəyə ayırdığı qrantların heç bir ciddi nəticəsi olmayıb və onlar aidiyyəti üzrə xərclənməyib. Bu düşərgə aldığı qrantlar hesabına öz fəaliyyətini aktivləşdirmək, ictimai-siyasi proseslərə təsir göstərmək əvəzinə asan yolla əldə etdikləri maliyyəni şəxsi problemlərinə yönəldiblər. Buna problem də demək olmaz. Özlərinə Avropada və Bakıda lüks həyat şəraiti formalaşdırıblar. Göründüyü kimi, Əli Kərimli özünün başqaları üçün qazdığı quyuya düşdü. Gec oldu, amma baş verdi. Bir vaxtlar Əli Kərimli də radikal cəbhəçiləri gözdən salmaqla bütün qrantlara tək yiyələnirdi. Emin Millinin radikalların iç üzünü açması, onlara ayrılan qarantların mənasız yerlərə sərf edilməsi barədə verdiyi açıqlama Əli Kərimli və onun yaxın ətrafını çıxılmaz vəziyyətə saldı. Artıq Əli Kərimliyə məxsus trollar sosial şəbəkələrdə fəaliyyətə başlayıblar. Bu fəaliyyətə hətta radikalların ağsaqqalı sayılan Cəmil Həsənli də cəlb olunub. Demək olar ki, Kərimli uşaqdan böyüyə hər kəsi bu mübarizəyə səfərbər edib. Bu arada xaricdəki anti-Azərbaycan dairələrinin ayırdığı qrant uğrunda biri-birinin qanını içməyə hazır olanlardan biri də Xədicə İsmayılla Sevinc Osmanqızıdır. Qrant davası bunlarla da bitmir. Eləcə də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, hazırda İsveçrədə yaşayan Emin Hüseynov ilə Xədicə İsmayıl və Emin Milli arasında da qızğın mübarizə gedir. E.Hüseynov bildirib ki, ictimai sektordakı bəzi şəxslər barədə faktları canlı yayım vasitəsilə açıqlayacaq: “Xədicə İsmaylın xəyanətkar olduğunu hər zaman bildirmişəm. Məni qrant yeməkdə suçlayan Xədicə İsmayıl və Emin Millini isə canlı yayıma dəvət etmişəm. Əgər gəlməyə gücləri çatsa kimin nə xəyanət etdiyini deyəcəm. Əli Kərimlini, Cəmil Həsənlini ittiham  edənlərin özləri bunun yüz qatını edir.”

Bu arada Emin Hüseynovu da özündən çıxaran, həmkarları ilə üz-üzə qoyan çirkli pulların davasıdır. Çünki Emin Milli və Xədicə İsmayıl Vaşinqtona, Londona onun haqqında donoslar göndərərək gözlənilən qrant layihələrdən uzaqlaşdırırlar.

Göründüyü kimi, Avropaya gedən gündən erməni lobbisinin və erməni diaspor təşkilatlarının təsiri altında olan xəyanətkar dəstə maliyyə qarşılığında nəinki dövlət maraqlarını heçə endirir, hətta özlərini də qara qəpiyə satmaqdan çəkinmirlər. Beləliklə, öz gözlərində tiri görməyən, hər zaman əsassız şəkildə hakimiyyəti korrupsiyada ittiham edən dağıdıcılar özləri çirkli pulların girdabında boğulurlar.