KÖŞƏ

Mənsumə Babayeva

Paşinyanın sərsəm bəyanatları nələrə hesablanıb?

11 sentyabr 2018 23:13
5337

Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə də siyasətdən uzaq sərsəm bəyanatları ilə yadda qalıb. Ziddiyyətli çıxışları ilə hər zaman gülüş obyektinə çevrilən Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Moskvada erməni əsilli iş adamları ilə görüşdə səsləndirdiyi fikirlər də diqqətdən kənarda qalmadı. O, çıxışı zamanı “mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir” fikrini səsləndirib: “Qarşılıqlı güzəşətlər barədə danışmaq Ermənistan tərəfindən zəiflik göstərmək kimi qəbul oluna bilər, çünki Azərbaycan hələ də Ermənistanı təhdid etməkdədir”.

Analitiklər də hesab edirlər ki, Paşinyanın Moskvada səsləndirdiyi ifadələr heç bir məna kəsb etmir. Çünki bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu baxımdan Paşinyanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın “bir hissəsi” hesab etməsi absurddur. Azərbaycan heç vaxt öz ərazisindən imtina etməyəcək. Hələ ki, sülh danışıqları davam edir, lakin tezliklə ərazilərimiz istənilən yolla işğaldan azad olunacaq və Paşinyanın sərsəm bəyanatları yalnız özünə qalacaq.

Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də münaqişə ilə bağlı açıqlama verib. XİN rəsmisi vurğulayıb ki, Ermənistan baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab etməsi ilə bağlı açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir: “Bununla, baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir. Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin bu açıqlama ATƏT-in baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir. Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq”.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Nikol Paşinyan deyir ki, heç vaxt Qarabağdakı ermənilər İrəvanda hökumət quruculuğunda iştirak etməyiblər. Deyəsən Paşinyan heç yaxın tarixləri barəsində də məlumatı yoxdur: “Onun hazırkı rəqibləri olan Robert Koçaryan və Serj Sarkisyan Ermənistanda rəhbər vəzifələrə gəlməmişdən qabaq harada, hansı vəzifəni tutublar? Deyəsən bir zamanların alovlu jurnalisti olan Paşinyan unudub ki, özünün müəllimi hesab etdiyi eks-prezident Levon Ter-Petrosyan 20 mart 1997-ci ildə qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri olan Koçaryanı Ermənistana baş nazir təyin edib. Dağlıq Qarabağın “müstəqil dövlət” olduğunu bildirən baş nazir harda görüb ki, bir müstəqil dövlətin prezidenti səlahiyyətini icra etdiyi zaman başqa bir dövlətin prezidenti anidən sərəncam imzalayaraq onu öz ölkəsinə baş nazir təyin etsin”.

Qarabağın münaqişə tərəfi olduğunu və danışıqlarda iştirakının vacibliyini vurğulayan Paşinyan daha sonra Moskvada erməni iş adamları ilə görüşü zamanı bildirir ki, “Qarabağ Ermənistanın ərazisidir. Digər yeddi rayonda Qarabağın ərazisinə daxildir”. Paşinyanın sözlərindən sonra belə qənaətə gəlirəm ki, o Qarabağdakı rejimin ləğvinə və bölgənin birbaşa İrəvandan idarəçiliyinə çalışır: “Çünki qondarma rejimin hakimiyyəti ona qarşı hər zaman potensial təhlükədir.”