KÖŞƏ

Qvami Məhəbbətoğlu

Rəzillik nümunəsi

06 iyul 2018 15:17
3828

İyulun 3-də Mingəçevir şəhərindəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublikamızın ərazisinin böyük hissəsinin, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında müəyyən problem yaşandı. Azərbaycan gözlənilmədən bir müddət işıqsız qaldı. Nə  yazıq ki, istər daxildəki, istərsə də xaricdəki antiazərbaycan dairələr öz ənənələrinə “sadiq” qalaraq bundan məqsədlərinə uyğun şəkildə yararlanmağa, yəni respublikamızın nailiyyətlərinə kölgə salmağa, cəmiyyətdə ajiotaj yaratmağa, kütləvi narazılıq formalaşdırmağa, xalqı hakimiyyətə qarşı qaldırmağa,  həm də özlərinə dividend qazandırmağa çalışdılar. Bir sözlə, süni gərginlik yaratmağa, necə deyərlər, öz siyasi “işıqlar”ını yandırmağa cəhd etdilər. Bununla da onlar Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular.  

Avropanın müxtəlif ölkələrində aldıqları qrantlar sayəsində antiazərbaycan dairələrin, eləcə də ermənilərin ruhunu oxşayan, onların çaldıqları havalara oynayan Tural Sadıqlı, Orduxan Teymurxan kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli də bu növbəti rəzilliyin önündə gedənlərdən oldular. Onlar əllərinə düşən bu fürsəti boşa vermək istəmədilər. Belə ki, dağıdıcı müxalifətin tipik nümayəndəsi, qarışqadan fil düzəltməyi ilə “ad-san” qazanmış  Əli Kərimli öz feysbuk səhifəsində xislətinə uyğun olaraq yenidən haray-həşir qopardı.

Müsavat Partiyasının başqanı Arif Hacılı, özünü ictimai fəal kimi təqdim edən Bəxtiyar Hacıyev ilə baş vermiş qəzaya ironik münasibət sərgiləldilər. Qəzadan sevinmək təbii ki, normal insanlara deyil, anormallara məxsusdur. Bununla da qəzanı öz maraqlarına istiqamətləndirmək istəyənlər bir daha erməni xislətlərini nümayiş etdirdilər. Amma xalq yenə təmkinli rəftarı ilə həmin ünsürlərin  dediklərinə əsla məhəl qoymadı, baş verən hadisəni anlayışla, haray-həşir qoparmadan, təmkinlə qarşıladı. Üstəlik, sözün əsl mənasında, vətəndaş həmrəyliyi nümayiş etdirməklə bu çətin sınaqdan şərəflə çıxdı. Bu həm də xalq-iqtidar birliyi fonunda baş verdi. Bu isə o anlama gəlir  ki, istənilən vəziyyətdə dövlət və xalq birliyi öz möhkəmliyini saxlamağa qadirdir.

 Təbii ki, bu məsələdə hadisənin səbəblərinin dərhal heç nəyi gizlətmədən xalqa çatdırılması və müəyyən tədbirlərin görülməsi də mühüm rol oynadı. Prezident İlham Əliyev ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə göstərdikləri dəstəyə, anlayışa, vətəndaş həmrəyliyinə görə bütün Azərbaycan vətəndaşlarına təşəkkürünü bildirməklə yanaşı, ölkədəki belə vətəndaş həmrəyliyindən məmnun olduğunu söylədi. O, kritik məqamda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da fərqləndirdi. Cənab Prezident, həmçinin bu işlərdə günahı olan bütün insanların müəyyən edilməsini və onların cəzalandırılmasını da tapşırdı. Bir sözlə, ölkə başçısı bu müşavirədə də xalqın mənafeyini hər şeydən üstün tutduğunu ortaya qoydu.

Qeyd edək ki, elektrik stansiyalarında qəzaların baş verməsi dünyada görünməmiş hadisə deyil. Yəni hazırlıq dərəcəsindən, yaxud fəsillərdən  asılı olmayaraq, fövqəladə vəziyyətlərin yaratdığı gözlənilməzlik effekti hər bir ölkədə müəyyən fəsadlar ortaya çıxarır. Bununla bağlı kifayət qədər misallar da göstərmək olar. ABŞ, Fillipin, Malta, Misir, Pakistan, Sudan, Rusiya, Türkiyə, Fransa, Polşa kimi ölkələrdə də belə hallar yaşanıb. Yəni həmin ölkələrdə analojı hadisə ilə əlaqədar metroda, liftdə qalanlar da olub, su təchizatında problemlərlə üz-üzə qalanlar da. Hətta bu hadisələr insan itkisinə də səbəb olub. Amma müxaliflər öz ölkələrini buna görə suçlamayıblar, baş verənləri sadəcə qəza kimi hallandırıblar, vəziyyətdən çıxış yolları ilə bağlı öz təkliflərini veriblər. Antiazərbaycan dairələrin, eləcə də ermənilərin qulbeçələri  olan bizim “sapı özümüzdən olan baltalar” isə öz maraqları naminə elə haray saldılar ki... Dövlətə, Vətənə bu qədər kin, küdurət, qərəz haradandır onlarda? Görünür, aldıqları qrantlar onların mənəviyyatlarının qəzaya uğramasına və nəticədə sıradan çıxmasına səbəb olub. Belə bir qəzanın fəsadlarını aradan qaldırmaq isə əsla mümkün deyil.

Qvami Məhəbbətoğlu,

“İki sahil”