KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənilərin sınanmış metodları: yalan, təhdid, terror

09 iyul 2018 15:32
3623

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv yazılar yazan jurnalistlərə, siyasi çıxışlar edən şəxslərə qarşı Ermənistanda aqressivlik nimayiş etdirilməsi  adi həyat normasına çevrilmişdir. Erməni faşistləri onları ölümlə belə hədələməkdən çəkinmirlər.

Bu günlərdə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı işğal olunmuş 7 rayonun Dağlıq Qarabağla birgə  qeydsiz-şərtsiz Azərbaycana qaytarılmasından söz açmış Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev ermənilər tərəfindən hücumlara məruz qalıb. Belə ki, “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov Dmitri Savelyevi münaqişə zonasına getdiyinə və dediyi sözlərə görə onu məhv etməyə çağırıb. Hətta buna görə Savelyevi  “Rusiya Federasiyasının düşməni” də adlandırıb. Amma həmin verilişdə iştirak edən rusiyalı deputat Vladimir Jirinovski lideri olduğu Liberal Demokrat Partiyasının üzvünü əsla müdadiə etməyib və Boqdasarovun fikirləri ilə razılaşıb. Görünür, ermənilər “gah nala, gah da mıxa vurmaq”la ad çıxarmış Vladimir Volfoviçi hələ də öz “əsarətləri” altında saxlamaqda davam edirlər.

 Baş verənlərə rəğmən, Dmitri Savelyev öz fikirlərindən geri çəkilməyib, üstəlik, Semyon Baqdasarovun sayıqlamalarını heç şərh də etməyib. Bununla o, özünün həqiqətin, dürüstlüyün tərəfində olduğunu nümayiş etdirib. Erməni əsilli hərbi-siyasi ekspertin söylədiklərindən belə çıxır ki, Dağlıq Qarabağ problemi ilə bağli Azərbaycanda, eləcə də digər ölkələrdə çıxış edən hər bir əcnəbi ermənilərin uydurduqları yalanlar orbitindən kənara çıxmamalı və öz çıxışlarını onların tezisləri əsasında qurmalıdırlar. Əks halda, başları ağrıyacaq.

 Yeri gəlmişkən qeyd edək ki, elə bu yaxınlarda Bolqarıstanın milli özəl telekanalında - “BTV Media Group”da İvan Qeorqiyev və Boris Pintevin ərsəyə gətirdikləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən “Qarabağ xatirələri” proqramı  yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir. Bu həqiqətləri həzm edə bilməyən Bolqarıstanda yaşayan ermənilər jurnalistlərə və televiziyaya qarşı hücuma keçiblər. Onlar hətta təhdidə də əl atıblar.

Görünür, Ermənistandan belə bir göstəriş verilib. Çünki Nikol Paşinyan hakimiyyəti və onların havadarları bu kimi vasitələrlə dünya miqyasında qazandıqları “məzlum” maskasının yırtılacağından qorxurlar. Yaxşı bilirlər ki, maskarları yırtılsa, çox dövlətlər, çox siyasətçilər onlarla əməkdaşlıqdan imtina edəcəklər.

Nə qədər qəribə olsa da, 2016-cı ilin aprel döyüşləri vaxtı sosial şəbəkələrdə Ermənistan əleyhinə status yazan Gürcüstanda yaşayan azərbaycanlı da ermənilərin sifarişi ilə mühakimə edilir. Sən demə, ermənilərə “gözün üstə qaşın var” demək olmazmış. Bu da elə hədənin, təhdidin bir formasıdır.

...Əslində ermənilərin tarixən sözün düzünü deyənlərə hücum etmələrində, siyasətçilərə ölüm hökmü oxumalarında təəccüblü heç nə yoxdur. Bu onların sınanılmış metodudur. Belə ki, onlar mənsub olduqları erməni siyasi terror təşkilatlarının iş üslubuna uyğun olaraq məqsədlərinə çatmaq, öz yalanlarını ört-basdır etmək üçün hədədən, terrordan istifadə ediblər və etməkdədirlər. İndiyədək dünyanın əksər ədalətsevər insanlarının Dağlıq Qarabağ probleminə onların gözü ilə baxmalarını da elə bununla izah etmək olar. Bu mənada elə bu kimi səbəblərdən hələ də erməni lobbisinin təsirindən çıxa bilməyən ölkələr var. Bu ölkələrdə erməni lobbisinin yaydığı məlumatlar əsas götürülür, nəticədə torpaqlarımızın 20 faizinin işğala və bir milyondan çox soydaşımızın etnik təmizlənməyə məruz qalması faktlarının üstündən sükutla keçirlər.

Bütün bunlar isə bir daha o deməkdir ki, ermənilər Dağlıq Qarabağ  həqiqətlərinin dilə gətirilməsini əsla xoşlamırlar, yalanları ilə həmin problemi öz xeyirlərinə həll etmək istəyirlər. Amma o biçarələr hələ də anlamırlar ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində onların yalanları ifşa olunmaqdadır. Yəni Azərbaycan artıq öz sözünü deyə bilən bir dövlətə çevrilib: rəsmi Bakının balanslı və müstəqil siyasəti belə bir vəziyyətin yaranmasını sürətləndirib. Odur ki, Azərbaycan artıq dünya ictimai rəyinə təsir imkanları əldə edib. Bu səbəbdən Dağlıq Qarabağ həqiqətləri dünya ictimai rəyinə yavaş-yavaş yol tapır. Elə son vaxtlar bəzi siyasətçilərin, eləcə də tanınmış jurnalistlərin ermənilərin təhdidlərinə, hədələrinə baxmayaraq tədricən obyektivliyə meyl etmələri bunun təsdiqidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaranmış belə bir durumda isə belə addımların atılması çox vacibdir.

Qvami Məhəbbətoğlu,

“İki sahil”