KÖŞƏ

Qvami Məhəbbətoğlu

Sosial şəbəkə “qəhrəmanları” nə istəyirlər?

13 iyul 2018 15:54
4407

Müstəqillik illərində qazandığımız ən böyük uğurlardan biri, şübhəsiz ki,  ölkəmizdəki sabitlikdir. Bu da antiazərbaycan dairələr tərəfindən qısqanclıqla qarşılanmaqdadır. Odur ki, zaman-zaman istər daxildəki, istərsə də xaricdəki antiazərbaycan qüvvələr əmin-amanlığı pozmağa çalışıblar. Amma xalq-iqtidar birliyi onların cəhdlərinin qarşısını qətiyyətlə alıb. Elə bu birlik də iyulun 10-da Gəncədə baş qaldırmış bir qrup radikal ünsürün cavabını verib, onları zərərsizləşdirib.

Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o, heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Bu, həm də o deməkdir ki, son illər özünün inkişaf dövrünü yaşayan və kifayət qədər iqtisadi-siyasi potensiala malik Azərbaycanda ictimai asayişi pozmaq, məkrli niyyətləri həyata keçirmək mümkün deyil.

Sabitliyin pozulmasına yönəlmiş Gəncədə baş vermiş son olayın detallarını incələdikdə bir məqam daha çox nəzərə çarpır. Bu da dövlətçiliyimiz, ictimai sabitliyimiz əleyhinə  çağırışlar edən, ictimai rəyi çaşdıran, terrorçuluğu dəstəkləyən bəzi sosial şəbəkə istifadəçiləridir. Etiraf edək ki, son zamanlar sosial şəbəkələr güclü resursa çevrilərək bəzi insanları ələ almaqda ixtisaslaşıb. Başqa sözlə desək, hazırda sosial şəbəkələr vasitəsilə bəzi insanları yanlış yola salmaq, onları təsir altına salmaq olduqca asanlaşıb.

Belə ki, indiyədək bir neçə ölkə, xüsusilə ərəb dünyası sosial şəbəkələr “ordu”sunun güdazına gedib. Nəticədə həmin ölkələr min cür bəlaya düçar olublar. Görünür, belə çağırışlar edənlərin niyyətləri də ölkəmizi bu kimi bəlalara salmaq olub. Amma onlar unudurlar ki, Azərbaycan hansısa ərəb ölkəsi  deyil. Ölkəmiz bütün parametlər üzrə onlardan çox-çox üstündür.

Son günlər hüquq mühafizə orqanları sosial şəbəkə “qəhrəmanlar”ına, daha doğrusu, müxtəlif məzmunlu paylaşımlarla insanları hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edənlərə qarşı  müəyyən tədbirlər həyata keçirib. Hətta bununla bağlı bir qrup şəxs də saxlanılıb. Eyni zamanda, xalqımızın əksəriyyəti fərdi təşəbbüs göstərməklə sosial şəbəkələrdə dövlətçiliyimiz, ictimai sabitliyimiz əleyhinə edilən çağırışları birmənalı şəkildə qınayıb. Təbii ki, bütün bunlar Gəncə hadisəsinin əhatə dairəsinin daralmasına müəyyən mənada öz töhfəsini verib.

Nə qədər qəribə olsa da iyulun 10-da Gəncədə baş vermış bu qanlı  hadisədən sonra özünü “siyasi mühacir” adlandıranların bəziləri sosial şəbəkələr vasitəsilə bu terrora haqq qazandırmağa çalışıblar. Belə ki, onlar sosial şəbəkələrin imkanlarından istifadə edərək terroru dəstəkləyən bəyanatlar verir, videomüraciətlər yayırlar. Elə bu kimi amillər də həmin hadisənin arxasında xarici güclərin, eləcə də “sapı özümüzdən olan baltalar”ın olduğunu bir daha ortaya qoyur.

Doğrudur, Vətənin təəssübünü çəkənlər onlara layiqli cavablar verirlər. Amma belələrinə qarşı da qanun çərçivəsində hüquqi addımların atılmasının da vaxtı çatıb. Bu da bir həqiqətdir ki, heç bir ölkədə insanları iğtişaşlara səsləyənlərə güzəştlər olunmur. İnanırıq ki, dövlətimizin gücü, xalqımızın həmrəyliyi ilə hər şey normal axarına düşəcək.