KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistanda seçkiqabağı gərginlik: qutudan Paşinyan çıxacaq, yoxsa...

21 noyabr 2018 14:40
3034

Dekabr ayının 9-da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində  9 siyasi partiya və 2 blok iştirak edəcək. Məlumata görə, 105 yerlik parlamentə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın liderlik etdiyi  “Mənim addımım” bloku  183,  Rusiyanın adamı kimi tanınan Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 175, “Biz” bloku 144, “Daşnaksütyun” partiyası 152, sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyası isə  125 nəfərin namizədliyini irəli sürüb. Bəs bu mübarizə onlardan hansının üstünlüyü ilə yekunlaşacaq?

Bəribaşdan qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyası 2007-ci ildən bəri Ermənistan parlamentində hakim Respublikaçılar partiyasından sonra ən çox səsə malik olan siyasi təşkilat olub. Politoloqların fikrincə, hazırda heç bir maliyyə problemi yaşamayan və son aylarda yaşanan Paşinyan-Sarkisyan qarşıdurmasından kənarda dayanan Tsarukyanın komandasının bu seçkilərdə ikinciliyi saxlamaq şansı var. Amma “Daşnaksütyun” partiyasının bu seçkilərdə  fərqlənəcəyi bir qədər şübhə doğurur. Belə ki, həmin partiyanın havadarı Ermənistanın keçmiş iqtidarı hesab olunurdu.  Məhz bu himayənin hesabına “Daşnaksütyun” seçkilərdə müəyyən uğur əldə edə bilirdi. Odur ki, indi himayədən məhrum olan “Daşnaksütyun”un əvvəlki nəticələri təkrar edəcəyi inandırıcı görünmür. Ermənistan parlamentində baş vermiş terror aktı zamanı öldürülən Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanın təmsil olunduğu “Biz” blokunun isə geniş sosial bazaya malik olmaması onun işini çətinə salır. Seçkilərdə iştirakını təsdiqlədən digər partiyaların isə demək olar ki,  heç bir şansları yoxdur.

Politoloqlar parlament seçkilərində əsas rəqabətin “Mənim addımım” bloku ilə Respublikaçılar partiyası  arasında gedəcəyi qənaətindədirlər. Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasında namizədlərin siyahısına Ermənistanın keçmiş müdafiə naziri Viqen Sarkisyan rəhbərlik edir. Hazırda o və  tərəfdarları Nikol Paşinyanın daxili və xarici siyasətdə uğursuzluğundan, xüsusilə onun Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində üzləşdiyi biabırçılığından  yararlanaraq diqqət mərkəzinə düşməyə, rəqiğlərini zəiflətməyə çalışırlar. Qeyd edək ki, keçmiş prezident Serj Sarkisyan Respublikaçılar Partiyasının son iclasında sərt çıxış edərək belə davam edəcəyi təqdirdə, daşı-daş üstündə qoymayacağına dair bəyanat vermişdir. Amma görünən budur ki, S. Sarkisyanın on illik iqtidarı dövründə  onun “islahatlarından” cana doymuş erməni xalqı ona dəstək vermək niyyətində deyil. Çünki erməni xalqı daha başa düşüb ki, onun ən böyük düşməni elə Serj Sarkisyan olub.

Nikol Paşinyanın liderlik etdiyi  “Mənim addımım” blokuna gəldikdə isə... Erməni mətbuatının yazdığına görə, Paşinyanın siyahısında Serj Sarkisyanın hakimiyyətdən salınmasında fəal iştirak edənlər, daha doğrusu, “meydan qəhrəmanları” çoxluq təşkil edirlər. Bununla da onlar kütləni ələ almaqda ən məqbul variant seçdiklərini düşünürlər. Digər tərəfdən, politoloqlar İrəvan merliyi uğrunda keçirilən son seçkilərə istinadən bu qənaətə gəliblər ki, xalq bu kimi variantlardan istifadə edən Paşinyana yalnız meydan və küçələrdə deyil, həm də seçki qutularında dəstək nümayiş etdirir. Bu isə o deməkdir ki, Paşinyanın rəhbərlik etdiyi blok bu mübarizədən qalib çıxacaq.

Amma dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistanda ictimai-siyasi müstəvidə daha bir gərgin vəziyyət yaranıb. Belə ki, erməni siyasətçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammitində  bu qurumun liderlərinin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nİkol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkmələrini, daha doğrusu, baş katib postunu itirilməsini  heç cür həzm edə bilmirlər. Amma onlar bu məsələdə hələ də nəyə isə ümid edirlər. Qeyd edək ki, bu məsələ ilə bağlı son qərar dekabrın 6-da KTMT-yə daxil olan ölkələrin liderlərinin Sankt-Peterburq görüşündə veriləcək. Liderlərin Ermənistanı bu postdan uzaqlaşdıracaqları əsla şübhə doğurmur. Bu növbəti gərginlik isə hazırda siyasi, iqtisadi məngənədə sıxılan Ermənistana, həmçinin özünün xəyallar aləmindən ayrılmayan Nikol Paşinyana seçkilərdə bir başqa sonluq da bəxş edə bilər.