KÖŞƏ

Qvami Məhəbbətoğlu

Dağılan tifaq, yaxud harada Əli Kərimli varsa...

01 iyun 2018 22:16
4542

Tanınmış yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” adlı bir əsəri var. Bu əsərdən hasil olan ideya bundan ibarətdir: yalan və saxtakarlıq üzərində qurulan tifaq gec-tez dağılmalıdır.

2013-cü ilin prezident seçkiləri öncəsi xarici qüvvələrin layihəsi əsasında yaradılan “Milli Şura” da bu gün dağılan tifaqa bənzəyir. Amma AXCP sədri Əli Kərimli israrla “Milli Şura”nın dağılmadığını bildirməkdədir. Yəqin deyəcəksiniz, axı həmin şuranın rəhbəri, yəni söz sahibi Cəmil Həsənlidir. Amma bu, sənədlərdə belədir. Əslində son vaxtlar “Milli Şura”ya o, yox, AXCP sədri Əli Kərimli rəhbərlik edir. Odur ki, Cəmil Həsənli Əli Kərimlinin icazəsi olmadan şura ilə bağlı heç bir müstəqil qərar qəbul edə bilmir; “Milli Şura”nın üzvlərinin fikirləri havadan asılı qalır. Elə bu kimi səbəblərdən “Milli Şura”da gərginlik hökm sürür.

Ola bilsin ki, kimlərsə bu fikrə şübhə ilə yanaşsın. Lakin həmin adamlar əmin olmalıdırlar ki, bu fikirlər daşdan keçən faktlara əsaslanır. Belə ki, bir neçə gün öncə “Feysbuk”da “Milli Şura”nın bir qrup üzvünün  imzası ilə bu qurumun sədri Cəmil Həsənliyə bir müraciət yayımlanıb. Müraciətdə qeyd olunub: “Milli Şura hal-hazırda qapalı bir quruma çevrilmişdir və ünvanına deyilən haqlı tənqidlərə həmişə dözümsüz yanaşır”. Müraciət müəlliflərinin fikrincə, “Milli Şurada bəzi şəxslər o qədər özlərinə vurğundurlar ki... Fikrimizcə, belə bir nöqsan Əli bəy Kərimlidə özünü daha çox büruzə verir... Onun hərəkətlərindən, davranışlarından belə təsəvvür yaranır ki, “Milli Şura” üzvlərindən başqa kənarda olan insanların hamısı satqındır, agentdir, yaramazdır, xəyanətkardır”.

Bu müraciətin altında yazılmış şərhlərdə də bu fikir ana xətt kimi dəfələrlə vurğulanıb. Məsələn, Adam Pənahov adlı bir nəfər “Cəmil Həsənli Əli Kərimlinin mirzəsidir, başqa bir rolu yoxdur” kimi status yazıb. Namiq Muradov isə Cəmil Həsənlini “ortalıqda gəzən kukla”ya bənzədib.

Şərhlərdən belə anlaşılır ki, hətta xarici dairələrin maraqlarına xidmət edən və bu yolla qaz vurub qazan dolduran Əli Kərimlinin icazəsi olmadan “Milli Şura”nın üzvləri bu və ya digər məsələ ili bağlı öz fikirlərini ortaya qoya bilmirlər. Ortada faktlar da var. Məsələn, indiyədək onlar elə bu kimi səbəblərdən təşkilat halında Rüstəm İbrahimbəyovun erməni maraqlarına xidmət edən, daha doğrusu, onların sifarişi əsasında yazdığı "Qafqaz üçlüyü” “filmi”nə münasibət belə bildirməyiblər. Halbuki ölkəmizin Vətən, millət təəsssübkeşləri bir nəfər kimi "Qafqaz üçlüyü”nü və onu ərsəyə gətirənləri lənətləyib və lənətləməkdədir. Görünür, AXCP sədri Əli Kərimlinin Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına və dövlətinə olan şəxsi nifrətini özündə əks etdirən bu səhnə “əsəri”nə xüsusi simpatiyası var. Şübhəsiz, elə bu səbəbdən də təşkilat daxilində bu mövzuya veto qoyub.

Göründüyü kimi, AXCP sədri Əli Kərimli “Milli Şura”nı da öz inhisarına alaraq onu tam nəzarət altında saxlayır. Cızığından çıxanları isə “feysbuk”dakı trolları vasitəsilə “islah” etməyə çalışır. Yeri gəlmişkən, elə müraciətlə bağlı status yazanlardan biri onları “kol arxasında gözləyən tülkü”,  digəri isə “qarışqa sürüsü” adlandırıb. Unutmayaq ki, Əli Kərimlinin keçmiş müavini Razi Nurullayevin dediyi kimi, ona sadiq cəbhəçilərin hərəsinin yüzdən çox saxta profili var. Bir daha qeyd edək ki, bütün bunlar Milli Şura daxilindəki çaxnaşmalardan bir daha xəbər verməklə yanaşı, bu qurumun Əli Kərimlinin iradəsinə tabe olan oyuncağa çevrildiyini də özündə ehtiva edir.

Bir sözlə, artıq bu qurum tarixə qovuşmaqdadır. Qurucusu ermənipərəst Rüstəm İbrahimbəyov, ilhamvericisi Əli Kərimli olan bir qurumun aqibətinin bu cür olması elə onun ilk günlərindən bəlli idi. Rüstəm İbrahimbəyov kimi bir Vətən xainini prezidentliyə namizəd verən “Milli Şura”dan nə gözləmək olardı? Əbəs yerə deməyiblər ki, ağası gülüm olanın başına külüm olar. Bir də son illər el arasında belə bir deyim də formalaşıb: harada Əli Kərimli var, orada dağıdıcılıq var. Bu da el gözünün tərəzi olduğunun daha bir bariz nümunəsidir.